Bakı Limanından İsveçrəyə yükdaşımalar 2,4 dəfə artıb

355

2022-ci ilin 11 ayında Bakı Limanı vasitəsilə İsveçrəyə ümumi yük daşımaların həcmi 142 309 ton təşkil edib, ötən ilin eyni dövründə isə bu göstərici 58 656 ton olub.

“Report” xəbər verir ki, bu barədə İsveçrənin yüksək səviyyəli nümayəndə heyətinin Bakı Limanına təşkil edilmiş səfərində qeyd edilib.

Məlumata görə, daşınan yüklər əsasən mineral yanacaq, sürtkü yağları və əlaqədar məhsullar, həmçinin sənaye, qida və kimya məhsulları, xammal, maşın və nəqliyyat avadanlıqları və s. olub.

Qeyd edilib ki, Asiyadan İsveçrəyə daşınan tranzit yük həcmi 2022-ci ilin yanvar-noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 143 %-ə qədər artıb.

İsveçrənin diplomatik rəsmilərinin, hökumət nümayəndələrinin, o cümlədən 20 aparıcı Isveçrə şirkətini təmsil edən biznes rəhbərlərindən ibarət nümayəndə heyəti Bakı Limanında olub. Nümayəndə heyətinə İsveçrə-Azərbaycan Ticarət və İqtisadi Əməkdaşlıq üzrə birgə Komissiyanın həmsədri Ervin Bollinqer başçılıq edirdi, həmçinin nümayəndə heyətini İsveçrənin Azərbaycan və Türkmənistandakı səfiri xanım Muriel Peneveyre də müşayiət edib.

Qonaqlarla Bakı Limanın Əməliyyatlar departamentinin müdiri Eugene Seah və liman əməliyyatları komandasının görüşü keçirilib. Görüş zamanı İsveçrə şirkətləri ilə Bakı Limanı arasında ticarət imkanlarının artırılmasına dair strateji məsələlər müzakirə predmeti olub. Nümayəndə heyəti bu görüşdə həm də bildirib ki, Orta Dəhlizin rolu qlobal əlaqə və iqtisadi inteqrasiya üçün mühüm əhəmiyyət kəsb edir, o cümlədən, regionda ticarət dəhlizləri boyunca qlobal təchizat zəncirinin və biznesin əlaqələndirilməsində Bakı Limanının rolu çox önəmlidir.