ASCO-nun “İrgiz” təchizat-yedək gəmisi təmir edilib

122

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “İrgiz” təchizat-yedək gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmir olunub.

Bu barədə “Report”a ASCO-dan bildirilib.

Məlumata görə, gəmi tərsanəyə qaldırılıb, gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, avar qurğularının, dib-yan armaturlarının, protektor qurğularının təmiri aparılıb, sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Bundan başqa, FRS qurğusu proqram əsasında sınaqdan keçirilib, braşpil qurğusu, boru sistemləri təmir edilib. Gəmidə “areston” tipli 200 litrlik su qızdırıcı quraşdırılıb, elektrik avadanlıqlarında zəruri təmir işləri yerinə yetirilib.

Heyətin yaşayış və xidməti otaqlarında cari təmir işi həyata keçirilib, gəminin sağ və sol göyərtələrində qoruyucu gövdə şinləri asılıb, üst tikili göyərtələr təmizlənərək rənglənib. Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb. Uğurla başa çatan sınaqdan sonra “İrgiz” yenidən dənizçilərin ixtiyarına verilib.

Uzunluğu 54,6, eni isə 11,6 metr olan gəmi 4340 at gücünə malik mühərriklərlə təchiz olunub.