Prezident İlham Əliyev: “Qara dənizdə ASCO-ya məxsus gəmilər üzür və şirkətin əlavə gəmilər almaq planları var”

1374

“Xəzər dənizi ilə daşımalar üçün tələbat artır. Azərbaycanın hələ ki, Xəzər dənizində ən böyük ticarət donanması, 50-dən çox gəmisi var. Bakı gəmiqayırma zavodu isə ildə 6 gəmi istehsal edə bilər və bu da həmin neft həcmləri və Mərkəzi Asiyadan, yəqin ki, Çindən gözlədiyimiz quru yük üçün kifayət etmir. Yəqin ki, eşitmisiniz Çindən, Qırğızıstan, Özbəkistan ərazisindən Xəzər dənizinə dəmir yolunun tikintisi layihəsi var və əlbəttə ki, layihə Xəzər dənizinə çatan kimi o, bizə tərəf gələcək. Beləliklə, biz Azərbaycan ərazisindən potensial daşıma həcmlərinin ciddi dəyərləndirmə prosesindəyik və biz buna hazır olmalıyıq. Biz investisiya yatırmalıyıq və bu sahədə çoxlu investisiya imkanları və ya müqavilə imkanları olacaq”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.

Prezident İlham Əliyev ASCO-nun Qara dənizdəki fəaliyyətindən də danışıb: “Qara dənizdə bizim Xəzər Dəniz Gəmiçiliyi – ASCO-ya məxsus gəmilər üzür və şirkətin əlavə gəmilər almaq planları var. Onlar həm Xəzər dənizində, həm də Qara dənizdə fəaliyyət göstərir, ancaq Qara dənizdəki fəaliyyətləri nisbətən məhduddur. Hesab edirik ki, Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyi şirkəti Qara dənizdə də daha geniş təmsil oluna bilər. Bilirəm ki, Gürcüstan və Avropa limanları istiqamətində fəaliyyət göstərəcək “Ro-Ro” tipli bərələrin və digər növ gəmilərin inşası nəzərdə tutulub. Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyi şirkətinin potensialı və müvafiq dövlət dəstəyi var. Qeyd etdiyim fürsətlərdən yararlanmaq, işgüzar fəaliyyət göstərmək və nəqliyyat təhlükəsizliyinə töhfə vermək üçün dövlət şirkətə maliyyə dəstəyi də verə bilər”.

seanews.az