Azəri-Mərkəzi-Şərqi platformasının dayaq bloku “STB-1” barjı ilə dənizə göndərilib

354

“Heydər Əliyev” adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa edilmiş Azəri-Mərkəzi-Şərqi (ACE) platformasının “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjına yüklənmiş dayaq bloku 16 mart 2023-cü il tarixində dənizə yola salınıb.

Barj xüsusi yedək gəmilərinin müşaiyəti ilə təyinat məntəqəsinə göndərilib. Xüsusi sürüşdürmə əməliyyatı ilə barjın üzərinə yüklənmiş dayaq blokunun çəkisi 16000 ton, hündürlüyü 153 metrdir.

Dənizin təxminən 140 metr dərinliyində aparılacaq dayaq blokunun və 48 şaxtalı hasilat, qazma və yaşayış platformasının quraşdırılması işlərinə ASCO-nun 2500 ton yükqaldırma qabiliyyətinə malik “Azərbaycan” kran gəmisi də cəlb ediləcək.

Qeyd edək ki, Azəri-Mərkəzi-Şərqi layihəsində istismar olunması üçün ASCO-nun “STB-1” barjında ötən il zəruri modifikasiya işləri aparılıb. Barjın tələb olunan dərəcə üzrə sertifikasiyası yenilənib.

Xəzər dənizinin ən böyük barjı sayılan “STB-1”in uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18000 tondur.

asco.az