Gəmiçilik şirkətləri ekoloji cəhətdən təmiz yanacağın istehsalı üçün sənaye zəncirinin yaradılmasında maraqlıdırlar

251

Çində “yaşıl” metanol istehsalı üçün sənaye zəncirinin qurulması üzrə ilk milli layihəyə start verilib. Müvafiq memorandum dörd şirkət – “COSCO Shipping”, “State Power Investment Corporation” (“SPIC”), “Shanghai International Ports Group” (“SIPG”) və “China Certification and Inspection Group” (“CCIC”) tərəfindən imzalanıb.

“Seanews.az”-ın məlumatına görə, bu layihə Çin gəmiçilik sənayesi üçün enerji keçidinin başlanğıcı olacaq. Müqavilə əsasən gəmilər üçün yaşıl metanolun istehsalı, daşınması, bunkerləşdirilməsi və sertifikatlaşdırılmasına yönələcək.

“COSCO Shipping” şirkətinin press-relizində qeyd olunur ki, bu gün həm gəmiçilik şirkətləri, həm də yükgöndərənlər ekoloji cəhətdən təmiz yanacağın istehsalı üçün sənaye zəncirinin yaradılmasında maraqlıdırlar. Məsələn, gəmiçilik şirkəti bu yaxınlarda iki yanacaqlı metanol mühərrikləri ilə (hər biri 24 min TEU) 12 konteyner gəmisinin tikintisi üçün sifariş verib və dünya üzrə belə gəmilər üçün sifarişlərin ümumi sayı 200 vahidi ötüb.

Memorandumu imzalayan tərəflər layihə üzərində işləyərkən həm Çin, həm də xarici alternativ yanacaq sertifikatlaşdırma standartlarına riayət etmək barədə razılığa gəliblər. Müqavilənin ilkin olaraq Çində yaşıl metanol layihələrinin birinci seriyasının həyata keçirilməsi ilə nəticələnəcəyi gözlənilir. Bundan əlavə, əldə edilmiş təcrübədən gələcəkdə “yaşıl” yanacağın digər növlərinin gəmiçilikdə öyrənilməsi və tətbiqi üçün başlanğıc nöqtəsi kimi istifadə edilməsi planlaşdırılır.