Azərbaycan Avrasiyada təkdir – 2-ci belə nəqliyyat-logistika qovşağı yoxdur…

310

Azərbaycan iki qonşusu vasitəsilə sürətlə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşması istiqamətində müvafiq addımlar atır. Real vəziyyətin təhlili göstərir ki, yaxın perspektivdə bu marşrut işə düşəcək və Azərbaycana böyük dividendlər qazandıracaq.

Məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putin “Rusiya enerji həftəsi”nin plenar iclasında bildirib: “Şimal-Cənub marşrutu layihəsini həyata keçiririk. Prosesin bütün iştirakçıları, Azərbaycan və İranla razılaşmalar var. Həmçinin Qazaxıstan və Türkmənistan da bu layihəyə maraq göstərir”. Rusiya liderinin sözlərinə görə, layihə tamamlanmaq üzrədir, bütün məqsədlər üçün şura yaradılır.

Xatırladaq ki, Şimal-Cənub  dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind okeanı, Süveyş kanalı, Aralıq dənizi, Baltik dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, Şimal-Cənub dəhlizi ilə bu müddət 20-25 gün təşkil edir. Qeyd edək ki, marşrutun tam gücü ilə işləməsi üçün Rəşt-Astara dəmir yolu xəttinin çəkilməsi çox mühümdür. Bu dəmir yolu xəttinin çəkilməsi ilə əlaqədar Rusiya və İran arasında danışıqlar davam edir. Cari ilin sonuna kimi İranla Rusiya arasında yolun tamamlanmasına sərmayə yatırılması haqqında müqavilə imzalanacaq. İranın Yol və şəhərsalma nazirinin müavini Abbas Xətibi bildirib ki, 160 kilometrlik Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılması üçün 1 milyard avro vəsait lazımdır. Bunu da İran və Rusiya sərmayə kimi yolun inşaasına yatıracaqlar. Cari ilin may ayında İranla Rusiya arasında Rəşt-Astara dəmir yolunun tikilib başa çatdırılmasına dair anlaşma memorandumu imzalanıb. Müqaviləyə əsasən, Rusiya tikintiyə sərmayə yatırmalı, elektrik xətlərini çəkməli və bir sıra digər işləri həyata keçirməlidir. Qeyd edək ki, Rəşt-Astara yolu Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolunun bir hissəsidir. Yüklər Hindistan və Cənub Şərqi Asiyanın digər ölkələrindən İranın Çabahar və Bəndər Abbas limanlarına gətiriləcək. Buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu və Azərbaycandan tranzit keçməklə Rusiyaya, eləcə də əks istiqamətə daşınacaq. Hazırda Azərbaycan ilə Rusiya arasında irihəcmli yüklərin Şimal-Cənub nəqliyyat dəhlizinə cəlbi üçün işlər görülür. Bu fonda Şimal-Cənub nəqliyyat dəhlizinə maraq artır. Ötən ilin altı ayında Şimal-Cənub dəhlizi ilə 125 min ton yük daşınmışdısa, bu ilin altı ayında 388 min ton yük daşınıb.

Azərbaycan, ümumiyyətlə reallaşdırdığı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat infrastrukturu layihələri sayəsində Avrasiyanın etibarlı nəqliyyat-logistika qovşaqlarından birinə çevrilib. Belə bir vaxtda diqqət çəkən daha bir məqam Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun layihəsinin icrasıdır.  Qırğızıstanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi layihənin iqtisadi və texniki əsaslandırması işlərinin başa çatdırıldığını bildirib. Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev bildirib ki, yaxın günlərdə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun layihəsinin icrasına başlanılacaq. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibə Orta Asiya, Çin və Cənub-Şərqi Asiya ölkələrini Avropa ilə ticarət əlaqələrini davam etdirmək üçün yeni yollar axtarmaq məcburiyyətində qoyub. Bu fonda ötən ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən zirvə görüşü çərçivəsində Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun çəkilməsi haqqında saziş imzalandı. Ümumi uzunluğu 454 kilometr olan yol 18 stansiya, irili-xırdalı 81 körpü və 41 tuneldən ibarət olacaq. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinin aparılacağı Toruqart-Arpa-Məkmal-Cəlalabad marşrutu üzrə texniki-iqtisadi əsaslandırma işləri 2023-cü il iyun ayında başa çatdırılıb. Qazaxıstan Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin Media kommunikasiyası və tarixi kafedrasının professoru Saken Mukan bildirir ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi Mərkəzi Asiyanın, Avropa ilə yanaşı, Cənub-Şərqi, Qərbi Asiya və Yaxın Şərq bazarlarına çıxışını təmin edəcək. Onun sözlərinə görə bu dəmir yolu Çin ilə Türkiyə arasındakı yükdaşımaların həcmini artırmaqla yanaşı, məsafəni 900 kilometr azaldacaq ki, bu da qatarların 8 gün ərzində mənzil başına çatmasını təmin edəcək. Məsafənin azalması isə öz növbəsində nəqliyyat xərclərinin azalmasına səbəb olacaq. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun səmərəliliyi həm də onun Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmasındadır. Bu layihə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yükdaşımaları həyata keçirmək üçün nəzərdə tutulmuş Orta dəhlizin marşrutlarından biri olacaq. Özbəkistan prezidenti yanında fəaliyyət göstərən Regional və strateji araşdırmalar institutunun rəhbəri Abror Fətullayev bu barədə yazdığı məqalədə qeyd edir ki, coğrafi xüsusiyyətləri nəzərə alan Azərbaycan və Özbəkistan nəqliyyat dəhlizlərini inkişaf etdirməyə çalışaraq Asiyadan Avropaya və əks istiqamətdə həyata keçirilən yükdaşımalarda tranzit rolunu oynamaq istəyirlər. Hər iki dövlətin planlaşdırdığı birgə nəqliyyat layihələri Orta Asiya və Qafqaz respublikalarının da tranzit potensialını artıracaq. Bu isə Azərbaycan üzərindən daçınan yüklərin həcmini daha da artıracaq.

https://www.baki-xeber.com/

Nahid SALAYEV