Bakı Limanı iqtisadiyyatda əlavə dəyər yaratmaq üçün konsepsiya hazırlayır

214

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ölkə iqtisadiyyatında əlavə dəyər yaradılmasının konsepsiyasını üzərində işləyir.

Bunu “Report”a açıqlamasında səhmdar cəmiyyətinin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli bildirib.

“Bu baxımdan Bakı Limanının ikinci fazasında taxıl terminalının genişləndirilməsi, intermodal və multimodal terminalın tikintisi imkanları nəzərdən keçirilir, əlavə dəyər yaradan xidmətlər formalaşdırılır. Yalnız tranzit xidmətləri göstərməklə, ölkə iqtisadiyyatına limitli dəyər vermək olur. Əlavə dəyər yaratsaq, limitləri aradan qaldıra bilərik”, – deyə o qeyd edib.

X.Həsənlinin sözlərinə görə, ikinci fazanın yekunlaşdırılmasından sonra Bakı Limanından ildə 25 milyon tona qədər yük aşırılacaq, 500 min TEU konteyner keçə biləcək”.

“Bakı Limanının 2015-2023-cü illər ərzində konteyner daşımaları ilə bağlı statistikası qlobal logistikaya tez uyğunlaşdığımızı sübut edir. Ötən il Limandan 52 min TEU konteyner daşınıb, lakin bu, bir o qədər də böyük rəqəm deyil. Amma konteyner daşımalarının artım tempi böyükdür”, – deyə liman rəsmisi əlavə edib.

2022-ci ildə Bakı Limanından 6,3 milyon ton, 2023-cü ilin 10 ayında isə 6,1 milyon tondan çox yük aşırılıb. Bu rəqəmin ilin sonuna qədər 7 milyonu keçəcəyi proqnozlaşdırılır.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manatdır. Liman yük, neft və bərə terminallarından ibarətdir.

14 may 2018-ci il tarixindən Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteyner təşkil edir.