2023-cü ilin 11 ayı ərzində Qazaxıstan neftinin Aktau limanından ixracı 3 milyon 62 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 14 min ton və ya 50% çoxdur.
“APA-Economics” bu barədə “Kaztransoil” şirkətinin yaydığı məlumata istinadən xəbər verir.
Məlumatda bildirilir ki, Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin həcminin artması Bakı limanı istiqamətində daşınan xammalın həcminin 205 min tondan 1 milyon 238 min tona, yəni 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6 dəfə artması ilə bağlıdır.
Bundan əlavə, hesabat dövründə Aktau limanından Mahaçqala limanına 1 milyon 824 min ton neft göndərilib.
Qeyd edilir ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti arasında “Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.