BAEA-nın ekspedisiyası Antarktika sularında mikroplastiklərin miqdarını araşdıracaq

128

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Argentina hökuməti ilə əməkdaşlıq şəraitində Antarktidada plastiklərin olmasını öyrənmək məqsədilə ilk elmi-tədqiqat ekspedisiyası göndərib. Sözügedən missiya getdikcə artan bu ekoloji problemlə qlobal mübarizə çərçivəsində həyata keçirilir.

AZƏRTAC BMT-nin Xəbər xidmətinə istinadla xəbər verir ki, Argentina Prezidenti Xavyer Miley və BAEA-nın baş direktoru Rafael Mariano Qrossi Antarktidanın Argentinaya məxsus olan Marambio və Esperansa bazalarında elmi-tədqiqat qrupuna qoşulublar və missiyanın başlandığını elan ediblər. İki mütəxəssisdən ibarət tədqiqat qrupu bir ay ərzində mikroplastikin ekologiyaya təsirinin dərəcəsini müəyyən edəcək, Argentinanın Karlini elmi-tədqiqat stansiyasında onun yayılmasını araşdıracaq.

Antarktidaya missiya NUTEC təşəbbüsünün bir hissəsidir. Bu, BAEA-nın plastik çirklənmə ilə mübarizə üzrə qabaqcıl layihəsidir və nüvə və izotop üsulları nümunələrin toplanması, onların laboratoriya təhlili vasitəsilə dəniz mikroplastiklərinin paylanması haqqında məlumat əldə etmək üçün istifadə olunur.

Antarktikanın sahil buzunda diametri beş millimetrdən az olan mikroplastiklərin ilk dəlili 2009-cu ildə tədqiqatçılar Şərqi Antarktidada dəniz buzundan nümunə götürdükdə aşkar edilib. Bununla belə, mikroplastiklərin Antarktidaya necə və hansı miqdarda daxil olması və onun nə qədər hissəsinin Antarktika orqanizmləri tərəfindən udulması barədə hələ də heç bir məlumat yoxdur. Alimlərin okean axınları, yağıntılar və insan varlığı ilə bölgəyə daxil olan mikroplastik növləri haqqında da çox az məlumatı var.

Argentinanın Antarktikadakı Marambio bazasında keçirilən təqdimat mərasimində BAEA-nın baş direktoru bildirib ki, bir vaxtlar təmiz Antarktika mühitində mikroplastiklərin kəşfi artan qlobal problemin sübutudur. “Beynəlxalq ictimaiyyət plastik çirklənmə ilə mübarizə istiqamətində əsaslı qərarlar qəbul etmək üçün hələ də lazım olan elmi məlumatlara malik deyil”,- deyə Rafael Mariano Qrossi vurğulayıb. O əlavə edib ki, NUTEC layihəsinin məqsədi plastikin mənşəyini, hərəkətini və təsirini anlamaqdır və yalnız bundan sonra hərəkətə keçmək olar.

Alimlər hesab edirlər ki, mikroplastiklərin olması Antarktidada buzun əks olunma qabiliyyətini azaltmaqla, habelə onun teksturasını dəyişməklə, mikrob aktivliyini artırmaqla və strukturunu mexaniki zəiflətməklə buzlaqların itirilməsi prosesini sürətləndirə bilər. İqlim dəyişikliyi ilə birlikdə mikroplastiklərin mövcudluğu Antarktika qütb buzlarının əriməsinin dağıdıcı təsirlərini daha da gücləndirəcək. Bundan əlavə, mikroplastiklərin Antarktika orqanizmlərinin qida zəncirinə daxil olması Antarktika sakinlərinin sağlamlığına və onların iqlim dəyişikliyinə qarşı müqavimətinə mənfi təsir göstərir.