Ömrünün 50 ilini dəniz nəqliyyatı sahəsinin inkişafına həsr etmiş Şəmistan Həsənov 90 yaşını qeyd edir.
Şəmistan Həsənov 13 yanvar 1934-cü ildə Qərbi Azərbaycanın Gözəldərə kəndində anadan olub. 14 yaşınadək həmin kənddə orta məktəbdə təhsil alıb. Sonra təhsilini Bərdədə davam etdirib.
1950-ci ildə Bakıda sıravi heyət hazırlayan dənizçilik texnikumunda təhsil alıb. Təhsil müddətində “Kirov” gəmisində ocaqçı, daha sonra maşinist vəzifəsində işləyib.
1953-57-ci illərdə Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbində “Gəmi sürücüsü” ixtisasında təhsil alıb. Təhsilini başa vuran Şəmistan Həsənov 1958-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin “Türkmənistan” gəmisində matros kimi işləməyə başlayıb. Sonralar “Qırğızıstan” gəmisində kapitanın 3-cü köməkçisi, “Tacikistan” və “Saatlı” gəmilərində 2-ci köməkçi vəzifəsinə təyin edilib.
Daha sonra kapitan kimi “Saatlı” gəmisininin sükanı arxasına keçən Şəmistan Həsənov 1977-ci ilə qədər orada çalışıb. 1977-ci ildə “Berdı Kerbabayev” gəmisini zavoddan qəbul edib və həmin gəminin kapitanı olub. 1987-ci ilə qədər uzaq səfərlər kapitanı kimi Qara Dəniz hövzəsində yükdaşımalar həyata keçirib.
Ümummilli Lider Heydər Əliyevin tapşırığına əsasən, “Sovet Naxçıvanı” gəmi-bərəsini Yuqoslaviyada zavoddan qəbul edərək Azərbaycana gətirib.
O, 2003-cü ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Dəniz xidmətinin rəisi-liman kapitanı vəzifəsinə təyin edilib.
Şəmistan Həsənov Prezident İlham Əliyevin sərəncamına əsasən, 2014-cü ildə “Tərəqqi” medalı ilə təltif edilib. 2018-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alır.
O həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” medalı, “Donanmanın Fəxri İşçisi” döş nişanı və “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.
Doğum günü münasibətilə ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin və Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları veteran dənizçini evində ziyarət edib, ona dənizçilərin təbriklərini çatdırıblar.
seanews.az