Çabahar limanı niyə gündəmə gəlib?

222

Ermənistanın İrandan Hindistana “dəhliz” xülyası

Yanvarın 15-də Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan bildirib ki, Ermənistan və Hindistanı birləşdirən İrandan keçən ticarət yolunun 2024-cü ilin may ayına kimi açılması planlaşdırılır. Nazir izah edib ki, bu yaxınlarda hindistanlı həmkarı, həmçinin Çabahar limanının Hindistan hissəsini idarə edən şirkətin rəhbəri ilə görüşüb. Tərəflər may ayına qədər həyata keçirilməli olan fəaliyyət planını müəyyən ediblər. 

Söhbət Hindistandan Ermənistana, daha sonra Gürcüs­tana, Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə maneəsiz yük daşınmasını təmin etmək üçün İran və Hindistan tərəfləri ilə əməkdaşlıqdan gedir. İrəvanda ümid edirlər ki, bu yolun işə düşməsi ticarət dövriyyəsini və yükdaşımaları kəskin şə­kildə artıracaq. Bəs Çabahar limanının işə düşməsi regionda geoiqtisadi atmosferə necə təsir göstərəcək? Ümumiyyətlə, bu limanın son dayanacağı olan “Köhnə dünya”da layihəyə münasibət sabit qalacaqmı?

Çabahar İranın Sistan və Bə­lucistan ostanının cənub-şərqin­də yerləşən şəhərdir. İranın Bəndər Abbasdan sonra ən bö­yüyü olan Çabahar açıq dənizə və okeana birbaşa çıxışı olan yeganə İran limanıdır. Limanın Əfqanıstan, Pakistan və Hindis­tan kimi ölkələrə coğrafi yaxınlığı, həmçinin beynəlxalq “Şimal–Cə­nub” nəqliyyat dəhlizində mühüm tranzit qovşağı olması Çabaharın regionun mühüm ticarət mərkəz­lərindən birinə çevrilməsinə im­kan yaradır. Bu üstünlüyü Hin­distan da qəbul edir. Nyu Dehli İran limanını strateji rəqibləri olan Pakistanın və Çinin birlikdə inki­şaf etdirdikləri Qvadar limanına alternativ layihə kimi nəzərdən keçirir. Bundan əlavə, Hindistan Mərkəzi Asiyaya ticarət yolunu açmaq üçün Çabahar limanına böyük maraq göstərir. 

Xatırladaq ki, 2016-cı ildə regionda üçlü dəhlizin yara­dılması məqsədilə imzalanan liman layihəsi Hindistan, İran və Əfqanıstanın birgə müəs­sisələrindən biridir. Sözügedən müqavilə Çabahar limanının in­kişafına əsaslansa da, məsələ ondan ibarətdir ki, o, Hindistana İran vasitəsilə Əfqanıstana çıxı­şı təmin etməlidir. Siyasi müşa­hidəçilər bildirirlər ki, Çabahar limanı Hindistana Əfqanıstana gedərkən Pakistandan yan keç­məsinə imkan yaradır. Buna görə də, Pakistanın İran–Hindis­tan–Əfqanıstan üçtərəfli ticarət sazişindən təsirlənən ölkələrdən biri olacağı deyilir. Ancaq ABŞ-ın Əfqanıstandan çıxması və Hin­distanın Əfqanıstanda regional rəqiblərinin, o cümlədən, Çin və Pakistanın güclənməsi Nyu Deh­lini İranla strateji əlaqələrini inki­şaf etdirməyə vadar edir. Buna görə də, Çabahar limanının Hin­distanın Pakistan və Çinlə stra­teji əlaqələrində və regional ba­lansın formalaşmasında mühüm faktor olduğunu söyləmək olar. Bu kontekstdə “Brookings İnsti­tutu” “Hindistanın İranda strateji və iqtisadi maraqları” adlı hesa­batında Çabahar limanının inki­şafını Hindistanın İrana yönəlik çoxtərəfli strategiyasının təməl daşı kimi qiymətləndirir.

Analitiklərin sözlərinə görə, Hindistan Çabahar limanının inkişafı layihəsinə sərmayədar kimi daxil olandan bəri Yeni Deh­li Əfqanıstanda təsirini artırmaq üçün ciddi çalışır. ABŞ sözüge­dən limanın inkişafını Əfqanıstan­da iqtisadi sabitliyi dəstəkləmək və ölkənin inkişafına kömək et­mək səbəbi ilə İrana qarşı tət­biq edilən sanksiyalardan azad etmişdi. Buna görə də Hindistan ABŞ-ın müttəfiqi olaraq Çabahar limanına sərmayə yatırdı, ancaq Əfqanıstanın Taliban hərəkatının nəzarətinə keçməsi Hindistanın planlarını çətinləşdirdi. Üstəlik, bu marşrutda sabitliyin nə vaxt əldə ediləcəyi bəlli deyil. Buna görə də, analitiklər Orta Dəhlizin həm Hindistan, həm də region dövlətləri üçün düşünülməli bir marşrut olduğunu önə çəkirlər. Xatırladaq ki, Orta Dəhliz Şərqlə Qərb arasında dayanıqlı logis­tikanın təşkili üçün ən optimal variant hesab olunur və həm Çin, həm də Avropa regionu ölkələri üçün nəqliyyat şaxələndirilmə­sinə ehtiyacları qarşılayan opti­mal həll yolu kimi qiymətləndirir. Bununla yanaşı, Çabahar limanı hazırda Qərb sanksiyalarından azaddır, lakin gələcəkdə vəziy­yətin necə dəyişəcəyini proqnoz­laşdırmaq çətindir. 

Bütün bunlara baxmayaraq tərəflər layihəni inkişaf etdirmək­də maraqlı olduqlarını münayiş etdirirlər. Yanvarın 15-də İran ilə Hindistan “İranın Çabahar lima­nının inkişafı üçün əməkdaşlıq haqqında” sənəd imzaladılar. Sənədə əsasən tərəflərin iştira­kı ilə işçi qrupu yaradılacaq. İşçi qrupu Çabahar limanının tranzit, yükaşırma imkanının artırılması­na və texniki təchizat məsələlə­rinə baxacaq. İran naziri Mehr­dad Bazarpaşın sözlərinə görə, Çabahar limanının inkişafı “Şi­mal–Cənub” dəhlizinin də tranzit imkanlarını artıracaq. Çabahar limanı Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaş­masında böyük rol oynayır. Hin­distanın Mumbai limanından yüklər İranın Çabahar limanına, buradan isə Qəzvin–Rəşt–As­tara (İran)–Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropa ölkələrinə daşınacaq.

İran və Azərbaycan bey­nəlxalq layihədə tranzit ölkə kimi çıxış edirlər. Ermənistan da bu tranzitə qoşulmaq və Hindistan­dan Avropaya daşınacaq yüklər­dən gəlir götürmək istəyir. Amma nəzərə alsaq ki, Ermənistan üzə­rindən Gürcüstana məhsul daşı­maq qış aylarında xeyli müşkül məsələyə çevrilir, o zaman İrə­vanın ancaq Hindistandan nəsə almaq arzusu real görünə bilər. Bu mənada isə Azərbaycanın heç bir problemi yoxdur və ölkə­miz “Şimal–Cənub” dəhlizinin va­cib qovşağı olaraq qalır. Tranzit geosiyasətində küləklərin hansı istiqamətdə əsməsindən asılı olmayaraq, bütün oxlar Bakını göstərir.

Səbuhi MƏMMƏDOV

XQ