“Caspian Energy Club” və Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyası birgə “CEO MeetUp” təşkil ediblər

199

“Caspian Energy Club” və Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasının birgə təşkilatçılığı ilə nəqliyyat və ticarət mövzularının müzakirəsinə həsr olunmuş “CEO MeetUp Logistics&Trade” adlı tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Caspian Energy Club”un İdarə Heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

Qeyd edək ki, “Azerbaijan Maritime”, “Engineering and Construction” (AMEC), “Azerfloat” şüşə istehsalı zavodu və “GBL Logistics” şirkəti “CEO MeetUp”ın qızıl, “Technoil” MMC isə gümüş sponsorları sırasında yer alıblar.

Açılış nitqi ilə çıxış edən “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasının sədri Kamran Həbibov “CEO MeetUp”a qatılan qonaqları salamlayaraq, onları tədbirin həm rəsmi, həm networking hissəsində fəal iştirak etməyə dəvət ediblər.

Tədbir dövlət strukturlarının rəhbərlərinin, diplomatik korpusun nümayəndələrinin, top-menecerlərin, “Caspian Energy Club”a və FFAA-ya üzv olan şirkətlərin nümayəndələrinin iştirakı ilə baş tutub.

“Logistika zəncirində və bu sektorun inkişafında logistika marşrutların təyin olunmasında və optimallaşdırılmasında nəqliyyat ekspeditor şirkətləri mühüm rol oynayır”, – deyə Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasının sədri Kamran Həbibov xüsusi vurğulayıb.

“CEO MeetUp Logistics&Trade”in iki diskussiya paneli çərçivəsində ixrac (prosedurlar, coğrafiya, gözləntilər), idxal, distribusiya, logistika şirkətləri ilə işdə istehlakçıların təcrübəsi, həmçinin nəqliyyat ekspedisiyası, anbar menecmenti, “contract logistics”, avtodaşınmalar, gömrük təmsilçiliyi kimi mövzular geniş müzakirə olunub. Müzakirələrdə aqrosənaye, qida və inşaat sahəsində, eləcə də iqtisadiyyatın digər sektorlarında ixrac-idxal əməliyyatları ilə məşğul olan aparıcı şirkət rəhbərləri iştirak edib, bu sahədəki sınaqdan keçmiş təcrübələri ilə bölüşüblər.

Nəqliyyat sektorunu logistika, anbara yerləşdirmə, gömrük rəsmiləşdirilməsi sahəsində fəaliyyət göstərən aparıcı şirkət rəhbərləri təmsil ediblər.

“Xarici iqtisadi fəaliyyət və beynəlxalq logistika iştirakçıları: məsələlər, həllər” adlı birinci panel müzakirəsi çərçivəsində “İxrac – prosedurlar, coğrafiya, gözləntilər”, “İdxal – idxal növləri və marşrutlar. Logistika partnyoru seçimi. Gözləntilər”, “Nəqliyyat ekspedisiya xidmətləri – mövcud vəziyyət, həll yolları”, “Gömrük rəsmiləşdirilməsi – idxal/ixrac/tranzit” mövzuları müzakirə edilib. Sözügedən hissənin moderatoru qismində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı, spikerləri qismində isə Gömrük İnzibatçılığı Baş İdarəsinin Gömrük Tənzimlənməsi İdarəsinin rəisi, gömrük xidməti polkovnik – leytenantı Cəfər Quluzadə, “Azerfloat” şüşə istehsalı zavodunun baş direktoru Emil Həsənov, “GBL Logistics” şirkətinin icraçı direktoru Xəndan Rəfiq Zəka, “Hellmann Worldwide Logistics” şirkətinin baş direktoru Kamran Həbibov, “Azersun Holding”in Tədarük üzrə baş direktoru Taner Kandemir iştirak ediblər.

“Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyevin moderatorluğu altında keçən ikinci panel müzakirələri avtomobil daşımaları və ölkədaxili logistika, beynəlxalq avtodaşımalar, ölkədaxili daşımalar, anbar idarəetmə və distribusiya, insan kapitalı – peşəkar təhsil, “poçt/e-commerce” xidmətləri – “karqo şirkətləri və poçt şirkətləri” kimi mövzuları əhatə edib. Spikerlər qismində EDUCA-nın həmtəsisçisi Elmir Poladov, “Cargonyx LLC”nin idarəedici direktoru Elnur Məmmədov, “ASE şirkətlər qrupu”nun baş direktoru Rəşad Abasov, “Azerbaijan Maritime Engineering and Construction” (AMEC) şirkətinin baş direktoru Rəşad Şəkərov iştirak ediblər.

Ekspertlərin fikrincə, Azərbaycanın iqtisadiyyatını təmsil edən bir çox dövlət və özəl şirkətlərin nümayəndələrinin qatıldığı bu tədbir logistika xidmətində istehsalçı və istehlakçı arasında daimi və səmərəli dialoqun qurulması, iqtisadiyyatın bu sektorunda xidmətin optimallaşdırılması və təkmilləşdirilməsi baxımından faydalı platformaya çevrilməsində böyük rol oynayacaq.

Tədbir rəsmi hissənin ardından iştirakçıların qeyri-rəsmi ünsiyyət və layihələrin müzakirəsi üçün yaradılmış netvörking hissəsi ilə davam edib. Sonda “Caspian Energy Club”a yeni üzv olan şirkətlərin nümayəndələrinə üzvlük sertifikatları təqdim edilib.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes – hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvörkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun, həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Almaniya, Polşa, Qırğızıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Estoniya, Finlandiya, Avstriya, BƏƏ-də rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.