“Eureporter”: Azərbaycan və Qazaxıstan Asiya ilə Avropa arasında mühüm nəqliyyat hablarına çevrilir

188

Azərbaycan və Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) sayəsində Asiya və Avropa arasında vacib nəqliyyat hablarına çevrilirlər.

“Report” xəbər verir ki, bu barədə “Eureporter”də dərc olunan məqalədə bildirilib.

Müəllif qeyd edib ki, Ukraynadakı müharibə və Qırmızı dənizdə husilərin hücumları Avropadan idxal və ixraca əhəmiyyətli dərəcədə təsir göstərərək Asiyanı Avropa İttifaqı (Aİ) ölkələri ilə birləşdirən ənənəvi nəqliyyat əlaqələrini pozub və alternativ olaraq Orta Dəhliz əhəmiyyətli potensiala malikdir: “Yeni İpək Yolu” ideyası Çindən gələn malların sürətlə Qazaxıstan vasitəsilə Xəzər dənizi sahilinə, daha sonra isə Azərbaycan və Gürcüstan vasitəsilə Aİ ölkələrinə çatdırılmasıdır”.

Nəqliyyat mütəxəssisləri bildirir ki, 2023-cü ildə bu dəhliz üzrə daşımaların həcmi 86 % artaraq 2,8 milyon tona çatıb: “2022-ci ildə bu göstərici 1,5 milyon ton olub. Bu rəqəmlər dəhliz boyu daşımalarda əhəmiyyətli artımı göstərir, çünki 2021-ci ildə bu göstərici cəmi 586 min ton təşkil edib. Beləliklə, Qazaxıstan və Azərbaycan Asiya ilə Avropa arasında mühüm nəqliyyat hablarına çevrilirlər”.

“Eureporter” qeyd edib ki, rəsmi Brüssel Mərkəzi Asiyada geosiyasi mövqeyini saxlamaq istəyirsə, Avropa İttifaqı Orta Dəhlizdə investisiyaları tez və qəti şəkildə artırmalıdır.