Kanada dünyanın ən güclü dizel-elektrik buzqıran gəmisini yaratmağı planlaşdırır

171

Kanadanın Vankuverdəki gəmi istehsalçısı “Seaspan Shipyards” 2030-cu ildə dünyanın ən güclü dizel-elektrik buzqıran gəmisini təhvil verməyi planlaşdırır.

“Seanews.az” xəbər verir ki, 34 MVt gücündə olacaq gəminin sifarişçisi Kanada Sahil Mühafizəsidir.

“ABB” güc aqreqatının layihələndirilməsi, çatdırılması və istismara verilməsi üçün məsul olan vahid sistem inteqratoru rolunu öz üzərinə götürür.

Buzqıran gəmi Kanadanın Milli Gəmiqayırma Strategiyasına uyğun olaraq inşa ediləcək. Kanadanın hazırkı ən böyük buzqıran gəmisi “Louis S. St-Laurent”-in onilliyin sonunda istismardan çıxarılması planlaşdırıldığından yeni gəmi Sahil mühafizəsi donanmasına mühüm əlavə olacaq. Kanada sahillərində patrul xidməti göstərməklə yanaşı, gəminin vəzifələrinə Arktika elmi tədqiqatlarına dəstək, axtarış-xilasetmə əməliyyatları və sair daxildir. Sələfi ilə müqayisədə buzqıran donanmanın yeni flaqmanı çətin hava şəraitində daha uzun müddət fəaliyyət göstərə biləcək.

Xatırladaq ki, hazırda dünyanın ən güclü dizel-elektrik buzqıranı Rusiyanın “Viktor Çernomırdin” gəmisidir.