Xəzər dənizində, Buzovna yaxınlarında itirilmiş bir ingilis xəzinə sandığının olduğunu bilirdiniz?

597

1579-cu ildə Rusiyada ticarət edən Christopher Borough adlı ingilis dənizçi yeni ticarət yolları axtarmaq üçün böyük bir ingilis ticarət qrupu ilə Xəzər Dənizinə getməyə qərar verir. 17 oktyabr 1579-cu ildə Həştərxanda voyevoda katibi Vasili Fyodoroviç Şelepindən Osmanlı ordusunun Azərbaycanı və Şirvanı ələ keçirdiyini öyrənir. Volqanın donunun açılmasını gözləyən ingilis tacirlər ancaq may ayında yola düşə bilirlər.

Səyahəti haqda geniş raport yazmış Borough 26 may tarixində Beşbarmaq dağını gördüyünü yazır. 27 may gündüz saat 2 radələrində Bilgəh kəndinin sahilinə yaxınlaşdı. Onları yerli camaatın və türk əsgərlərinin xoş qarşıladığını qeyd edən səyyah Özdəmiroğlu Osman Paşanın qərargahını Dərbənddə qurduğunu və Şamaxının dağıdıldığını öyrənir. Ticarət qrupu Bilgəhdən Bakıya Robert Golding adlı bir nəfəri nümayəndə kimi göndərib İçərişəhərdəki Osmanlı qarnizonunun komandirinə xəbər verirlər. Səyyah Bilgəhdən Bakı qalasına olan yolun məsafəsinin 30 kilometrdən çox olmadığını, piyadalar üçün çox uyğun olduğunu qeyd edir.

Osmanlı komandiri Roberti xoş qarşılayır və növbəti gün özü də Bilgəh kəndinə gəlir. Görüş dostluq şəraitində keçir, hədiyyələr mübadiləsi aparılır və tərcüməçilər vasitəsilə səyahət və regional vəziyyət haqqında müzakirələr aparılır. Komandir tacirlərə Osman paşa ilə görüşməyə kömək etməyə söz verir. Kapitan Thomas Hudson (1564-1640) isə havaya görə dəniz yolu ilə gedilə bilməyəcəyini qeyd edir. Əvəzində komandir onlara Bilgəhdən 16 kilometr uzaqlıqdakı bir dənizsahili kənddə gecələməyi təklif edir. Fikrimcə bu kənd Mərdəkan kəndi olub.

Christopher Borough, Peter Garrard və bir türkcə bilən rus tərcüməçi də komandir ilə gecə kənddə axşam yeməyi yeyirlər. Bu arada, Peter Garrardın atası William Garrard London şəhərinin meri və şerifi olub və yeni ticarət yollarının axtarılmasını istəyən əsas şəxslərdən idi. Komandir ondan ölkəsinin hara olduğunu soruşur. “Anqliya” cavabını başa düşməyən komandir “hökmdarınız bakirə bir kraliça deyil ki?” sualı verir və “bəli” cavabı alır. Osmanlı komandiri “elə isə deməli ölkənizin adı İngiltərədir” cavabı verərək xatircəm olur.

“Həmin axşam Bakı kəndində verilən şam yeməyi belə təsvir edilir:

Onlar düyüdən hazırlanmış şorbanı yeyəndən sonra qaynadılmış ət ilə birlikdə boşqablara bal qarışdırılmış sərt bişmiş düyü gətirildi. Bundan sonra məcməyidə bütöv bir qızardılmış qoyun gətirilərək komandirin qarşısına qoyuldu. O, nökərlərindən birini çağırdı, o da əti tikə-tikə doğrayıb, müxtəlif boşqablara qoydu və komandirin qarşısına qoydu. Sonra kapitan bir nimçəni mister Garrard və onun adamlarına, digərini isə öz əmirlərinə verdi və çata bilməyəcək qədər uzaq olanlar üçün ət göndərdi. Burada içki olaraq ancaq su içirlər.”

Yeməkdən sonra komandir ingilislərdən balıq və ət yemək adətləri haqda, evdə yoxsa həyətdə yatmaq istədikləri haqda soruşur. İngilislər evi seçirlər, türklər isə həyətdə yatırlar. Səhəri kapitan və Garrard birlikdə kəndin hamamına gedib təmizlənirlər. Səhər yeməyinə William Turnbull, Matthew Tailboyes və kapitan Thomas Hudson da qoşulurlar. Qrup səhər yeməyindən sonra Bakıya yollanır, Christopher isə ayağını zədələdiyi üçün gəmiyə qayıdır. Tacirlər isə Dərbəndə gedib Bilgəhə qayıdanacan iyunun 11i olur. Onlar Xəzərin Osmanlı idarə edən sahillərində, yəni müasir Azərbaycanda ticarət hüquqları əldə edirlər. Mallarını Dərbəndə aparan ingilislər 25 iyulda yenidən Bilgəhə qayıdırlar.

Bu arada Robert Golding Şamaxıya ticarət imkanlarını araşdırmaq üçün gedir amma yolda quldurların hücumuna uğrayır. Qolundan oxla zədələnsə də bir qulduru yaralayır, birinin də atını öldürür.

Həştərxana qayıtmaq istəyən tacirlər gəmilərinin pis vəziyyətdə olduğunu görərək Xəzər dənizində 6 avqustda Hakob adlı bir erməni tacirin gəmisini satın alırlar. Həştərxandan Pirallahıya (mətndə adanın adı Zirə adlanır və Bilgəhdən 17-22 kilometr uzaqlıqda olduğu deyilir) bu gəmini gətizdirən ingilislər yola düşər-düşməz fırtınaya tutulur. Gəmidə olanların hamısı sağ qurtulub malların bir hissəsini xilas edə bildiyi halda, Bakıda malların satışından əldə edilən qızıllar və əsas xəzinənin olduğu sandıq qayaların arasında bataraq Buzovna sahillərində dənizdə itib.

______________________

Bölgə haqqında verdiyi məlumatda Christopher Borough Azərbaycanı ya Midiya, ya da Şirvan kimi təqdim edir. Maraqlıdır ki, ona Osmanlı ordusu sıralarında döyüşən iki ispan əsgər məlumat verir ki, Özdəmiroğlu Osman paşanın Dərbəndə keçməsinə əsas səbəb İran “kraliçasının” rəhbərlik etdiyi Səfəvi ordusunun İkinci Şamaxı döyüşündə qalib gəlməsi idi. Böyük ehtimal burda söhbət həmin vaxt Səfəvi dövlətinin faktiki hakimi Məhd-i Ülyadan gedir. Həmin ispan əsgərlər 1574-cü ildə Osmanlılar Goletta (hazırda Tunisin Halq-əl-Vadi kəndi) qalasını alanda əsir düşmüş, Azərbaycanda Səfəvilərə qarşı döyüşməyə məcbur edilmişdilər. İngilislər onların azadlığını satın alaraq 25 sentyabr 1581-ci ildə, Londona qayıdanda buraxıblar.

©️Cavid Ağa