Ekoloji risk: qlobal qum ehtiyatları azalır

63

BMT-nin Ətraf Mühit Proqramı (UNEP) yayımladığı yeni hesabatda qlobal qum istehlakının təbii bərpa tempini üstələdiyi barədə xəbərdarlıq edib.

Hesabata əsasən, əhali artımı, urbanizasiya, infrastruktur layihələri və iqtisadi inkişaf səbəbindən dünyada hər il təxminən 50 milyard ton qum istehlak olunur.

UNEP bildirir ki, yalnız tikinti sektorunda istifadə olunan quma tələbatın 2060-cı ilə qədər 45 faiz artacağı gözlənilir.

Təşkilatın məlumatına görə, qumun təbii şəkildə formalaşması yüz minlərlə il tələb etdiyi halda, onun hasilatı sürətlə davam edir və bu fərq ekosistemlər üçün ciddi risk yaradır.

UNEP-in Cenevrədə yerləşən Qlobal Resurs Məlumat Bazası üzrə direktoru Paskal Peduzzi qeyd edib:

“Qum bəzən inkişafın görünməyən qəhrəmanı adlandırılır. Lakin onun ekosistem xidmətlərinin qorunmasındakı əsas rolu çox vaxt diqqətdən kənarda qalır”.

Hesabatda sənayedə istifadə olunan “ölü qum” ilə çaylar, deltalar və sahil zonalarında yerləşən “canlı qum” arasında fərq qoyulur. Bildirilir ki, “canlı qum” su axınlarının tənzimlənməsi, sahillərin qorunması və biomüxtəlifliyin saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır.

UNEP vurğulayır ki, qum həmçinin turizm və balıqçılıq sektorlarını dəstəkləyir, balıqlar, tısbağalar, quşlar və digər canlılar üçün yaşayış mühiti yaradır.

Sənəddə qeyd olunur ki, quma artan tələbat sənaye maraqları ilə ətraf mühitin qorunması arasında balansı pozur. Həddindən artıq hasilat ekosistemlərə zərər vurmaqla yanaşı, ərzaq və su təhlükəsizliyinə də təhdid yaradır.

Hesabatda həmçinin bildirilir ki, dib qazma fəaliyyəti ilə məşğul olan şirkətlərin təxminən yarısı qorunan dəniz ərazilərində fəaliyyət göstərir və bu əməliyyatlar ümumi dib qazma həcminin 15 faizini təşkil edir.

UNEP hökumətləri davamlı qum idarəçiliyi üzrə milli strategiyalar hazırlamağa, monitorinqi gücləndirməyə və hasilat prosesində şəffaflığı artırmağa çağırıb.