Hörmüz boğazında yaranmış blokada nəticəsində qlobal nəqliyyat axınlarının pozulması fonunda 2026-cı ilin aprel ayında Panama kanalı vasitəsilə neft və neft məhsullarının daşınması kəskin artıb.
Yaponiyanın “Nikkei” qəzetinin məlumatına görə, Atlantik və Sakit okeanları birləşdirən bu marşrutla daşımalar ötən ilin orta göstəricisi ilə müqayisədə 74 faiz yüksəlib.
Bildirilir ki, daşımaların əsas istiqaməti ABŞ-nin Şərq sahillərindən tədarükün azalması fonunda Asiya ölkələrinə yönəlib.
Aprel ayında Panama kanalı ilə gündəlik neft və neft məhsulları daşınması 1,77 milyon barel səviyyəsinə çatıb ki, bu da 2013-cü ildən bəri rekord göstərici hesab olunur. Yaponiyaya yönələn daşımaların həcmi isə 2025-ci illə müqayisədə beş dəfədən çox artıb.
Hazırda kanalın ötürücülük qabiliyyətinin demək olar ki, tam istifadə olunduğu, gəmilər üçün uzun növbələrin yarandığı bildirilir. Növbəsiz keçidlər isə hərrac vasitəsilə satılır və qiymətlərin 1 milyon dollara qədər yüksəldiyi qeyd olunur.
Panama kanalı əsasən orta və kiçik tankerləri qəbul edə bilir. ABŞ-nin iri supertankerləri isə Asiya istiqamətində daşımaları Cənubi Afrikadakı Ümid Burnu marşrutu ilə həyata keçirmək məcburiyyətində qalır.





