Kanada hökumətinin Arktikada yerləşən və tikintisi uzun müddətdir yubanan Nanisivik hərbi-dəniz yanacaqdoldurma məntəqəsinin inşasını dayandırdığı bildirilir. İlk dəfə 2007-ci ildə elan edilən və 2015-ci ildə tamamlanması planlaşdırılan layihə texniki çətinliklər və artan xərclər səbəbindən yarımçıq qalıb.
Hökumət yüksək əməliyyat xərcləri və İkaluit və ya Miln limanları kimi daha əlverişli alternativlərin mövcudluğunu nəzərə alaraq bu qərarı verib.
Layihədən imtina edilməsinin digər bir səbəbi isə Kanadanın yenilənmiş Arktika patrul donanmasıdır. “Harry De Wolf” sinfinə məxsus yeni və daha güclü gəmilər daha uzun məsafələrə üzə bildiyi üçün tez-tez yanacaq doldurmağa ehtiyac duymur, bu da Nanisivik məntəqəsinə olan zərurəti azaldır. Baffin adasındakı bu məntəqənin qışda da işləyə bilməsi üçün dizel yanacağının dondurucu soyuqda qatılaşmasının qarşısını alan xüsusi isitmə sistemli çənlər lazım idi. Bu isə layihənin maliyyə yükünü kəskin artırırdı.
Layihə Arktika sularına xas olan nadir bir problemlə soyuq su bakteriyalarının yaratdığı bioloji korroziya ilə üzləşib. Təkcə liman körpüsündəki bu bakterial korroziyanı aradan qaldırmaq üçün təxminən 180 milyon dollar əlavə vəsait tələb olunurdu. İndiyədək 70 milyon dollardan çox vəsait xərclənən layihənin ləğv ediləcəyi təqdirdə mövcud infrastrukturun sökülməsi və ərazidə ekoloji bərpa işlərinin aparılması nəzərdə tutulur.





