Qlobal dəniz ticarəti və neft daşımaları üçün ən kritik keçid məntəqəsi olan Hörmüz boğazında gəmilərin hərəkəti tamamilə dayandırılıb.
Denizxeber.az bildirir ki, bu barədə İranın Fars körfəzinə Nəzarət İdarəsinin “X” sosial şəbəkəsində yaydığı rəsmi bəyanatda bildirilir.
“Keçməyə cəhd edən gəmilər özünü təhlükəyə atır”. Bəyanatda boğazın bağlanması regionda artan hərbi gərginliklə əsaslandırılıb:
“Son günlər ABŞ silahlı qüvvələrinin regionda həyata keçirdiyi qanunsuz hərəkətlərlə əlaqədar hazırda Hörmüz boğazından keçid mümkün deyil. Vəziyyət sabitləşdikdən və sakitlik bərpa olunduqdan sonra bütün müraciətlər təqdim olunma ardıcıllığı ilə nəzərdən keçiriləcək və zəruri icazələr veriləcək”.
Məsələ ilə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri də xəbərdarlıq bəyanatı yayıb. Qurumdan bildirilib ki, Hörmüz boğazı ötən axşamdan etibarən bağlanıb və İran hakimiyyəti xüsusi qərar qəbul edənədək keçid qapalı qalacaq. Vurğulanıb ki, qadağaya baxmayaraq boğazdan keçməyə cəhd edən istənilən kommersiya və ya hərbi gəmi özünü birbaşa təhlükə qarşısında qoymuş olacaq.
Hörmüz boğazının qapadılması regionda pik həddə çatan hərbi qarşıdurmanın ardınca baş verib. Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ötən gecə İran ərazisində təxminən 140 hədəfə hava zərbələri endirdiyini açıqlamışdı. Vaşinqton bu genişmiqyaslı əməliyyatın Tehranın Hörmüz boğazında kommersiya gəmisinə endirdiyi zərbəyə cavab olaraq həyata keçirildiyini bəyan edib.
İran isə öz növbəsində ABŞ-ın bu addımına Yaxın Şərqdəki Amerika hərbi obyektlərinə raket zərbələri endirməklə cavab verib. Bölgə dövlətlərindən olan Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Oman və Qətər rəsmi şəkildə bəyanat yayaraq, İran tərəfindən həyata keçirilən hava hücumlarının öz hava hücumundan müdafiə sistemləri vasitəsilə dəf edildiyini bildiriblər.
Hazırda regionda və strateji dəniz yollarında gərginlik yüksək olaraq qalır, beynəlxalq gəmiçilik şirkətləri isə alternativ marşrutları nəzərdən keçirirlər.





