Dubay şirkəti yeni liman layihəsinə başlayır

210

Dünyanın ən böyük liman operatorlarından biri olan Dubayın “DP World” şirkəti Fars körfəzində yüklərin Hörmüz boğazından yan keçməklə daşınmasına imkan verəcək yeni dəniz limanı yaratmağı planlaşdırır.

Denizxeber.az bildirir ki, “Financial Times” qəzetinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, layihə çərçivəsində Ərəbistan dənizinin Oman körfəzi sahilində, Əl-Füceyrə əmirliyində yeni çoxprofilli dəniz limanı və terminalın tikintisi nəzərdə tutulur.

Hazırda “DP World”ün regional mərkəzi olan Dubaydakı Cəbəl-Əli limanından açıq okeana çıxmaq üçün gəmilər Hörmüz boğazından keçməlidir. Lakin ABŞ və İran arasındakı gərginlik səbəbindən bu boğazda təhlükəsizlik riskləri yüksək olaraq qalır. Hörmüz boğazının digər tərəfində yerləşən Əl-Füceyrədə yeni limanın inşası isə yükləri Dubaydan və digər körfəz ölkələrindən quru yolu ilə birbaşa bura daşımağa və boğazdan asılılığı aradan qaldırmağa imkan verəcək.

Hazırda “DP World” layihənin maliyyələşdirilməsi və icra müddəti barədə Əl-Füceyrə hakimiyyəti ilə danışıqlar aparır. Şirkət rəhbərliyinə yaxın mənbələr yeni limanın təxminən il yarım ərzində tikilə biləcəyini qeyd edirlər.