Duman qornu — diafon haqqında – FOTO

238

Dənizçilər dumanlı havada və görünüş məsafəsi məhdud olduqda bir-biri ilə necə əlaqə saxlayırdılar?

Denizxeber.az bildirir ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində bu məqsədlə xüsusi səs siqnalı alətlərindən istifadə olunurdu. Onlardan biri də duman qornu — diafon idi.

Diafon gəmilər arasında yaxın məsafədən xəbərdarlıq və işarə siqnallarının verilməsi üçün nəzərdə tutulmuşdu. Bu alət vasitəsilə sualtı qayalar, dayaz ərazilər və digər təhlükəli maneələr barədə də məlumat verilirdi.

Taxta gövdə, siqnal borusu və mexaniki dəstəkdən ibarət olan eksponatın dəstəyi hərəkətə gətirildikdə müxtəlif tipli səs siqnalları yaratmaq mümkün olurdu. Komplektə ingilis və fransız dillərində hazırlanmış istifadə qaydaları da daxildir. Daşınmasını asanlaşdırmaq üçün gövdənin üzərində dəri tutacaq yerləşdirilib.

İşlək vəziyyətdə olan bu maraqlı eksponatla “Suraxanı” gəmi-muzeyinin “Naviqasiya və kommunikasiya” zalında yaxından tanış ola bilərsiniz.

Eksponat: Duman qornu — diafon

İstehsal yeri: İngiltərə, Norveç

İstehsal dövrü: XIX əsrin sonu – XX əsrin əvvəlləri

Materialı: Şam ağacı, dəri, latun və mis detallar