BƏYANAT: Dənizçilərimizin həyatı hər şeydən üstündür!

413

Son günlər Qara dəniz hövzəsində mülki ticarət gəmilərinə qarşı törədilən hücumlar dənizçilik sahəsində vəziyyəti kritik həddə çatdırıb. İyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisinin dron hücumuna məruz qalması nəticəsində kapitan Səməd Nəsrullayevin faciəli şəkildə həlak olduğunu dərin kədərlə bildiririk.

Denizxeber.az bildirir ki, mülki ticarət gəmilərinə hücumlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Dənizçilər müharibənin tərəfi deyil, dünya ticarətini və humanitar yüklərin daşınmasını təmin edən mülki şəxslərdir. UNCLOS, SOLAS və Cenevrə Konvensiyalarının müddəalarına zidd olaraq, dənizçilərin həyatını qəsdən təhlükəyə atan bu hücumlar bəşəri cinayətdir.

Son iki ayda azı dörd azərbaycanlı dənizçinin həlak olması, bir neçə nəfərin yaralanması vəziyyətin nə qədər ciddi və təhlükəli olduğunu göstərir.

Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyi olaraq, dənizçi həmkarlarımıza və onların ailələrinə ciddi xəbərdarlıq edirik:

Təəssüflə qeyd edirik ki, bəzi gəmiçilik şirkətləri yüksək maaş vədləri ilə dənizçiləri müharibə riski olan bölgələrə cəlb etməyə çalışırlar. Unutmayın ki, heç bir maddi qazanc insan həyatından dəyərli deyil.

* Xəbərdarlıq: Qara dəniz və digər riskli bölgələrdə tez-tez təkrarlanan hücumları nəzərə alaraq, həmkarlarımızı bu ərazilərdə yerləşən gəmilərdə işləməkdən çəkinməyə çağırırıq.
* Çağırış: Beynəlxalq Dəniz Təşkilatını (IMO) və aidiyyəti qurumları mülki ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək üçün təcili və qətiyyətli addımlar atmağa dəvət edirik.

Dənizçi müharibənin tərəfi deyil. Onun yeganə məqsədi ailəsinə halal ruzi aparmaqdır. Kapitan Səməd Nəsrullayevin acı itkisi bizə bir daha xatırladır ki, dənizçinin canı hər şeydən önəmlidir.

Mərhum kapitanımıza Allahdan rəhmət diləyirik.

“Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyi