Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) “Təməl dalğıc kursu”nun buraxılış mərasimi keçirilib.
Denizxeber.az bildirir ki, mərasimdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər bu növ kursların şəxsi heyətin ixtisas və döyüş hazırlığının artırılmasında mühüm rol oynadığını bildiriblər. Qeyd olunub ki, kurs müddətində iştirakçılar nəzəri biliklərlə yanaşı, sualtı texniki işlər, axtarış-xilasetmə, batmış obyektlərin su üzərinə qaldırılması və gəmi altına baxış kimi müxtəlif praktiki dalğıc bacarıqlarına yiyələniblər.
Mərasimin sonunda kursu müvəffəqiyyətlə başa vuran hərbi qulluqçulara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkdirilib.










