Batumi-Qazaxıstan marşrutu aktivləşdi

143

Gürcüstanda Qazaxıstanın “Kaztransoil” ASC-yə məxsus olan Batumi Neft Terminalı 8 ildən sonra aviasiya kerosininin daşınmasına yenidən başlayıb. Terminal Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu (Orta Dəhliz) vasitəsilə Avropadan Qazaxıstana aviasiya yanacağının tədarükü üçün əsas mərkəzə çevrilib.

Denizxeber.az bildirir ki, müəssisə Avropa neft emalı zavodlarının istehsalı olan “JET A1” reaktiv yanacağını emal etməyə başlayaraq yük çeşidini genişləndirib. Mülki aviasiyada əsas yanacaq növü sayılan bu kerosinin sabit tədarükü Qazaxıstanın nəqliyyat sektoru və enerji təhlükəsizliyi üçün böyük önəm daşıyır.

Bu addım terminalın logistika imkanlarını artırmaqla yanaşı, Orta Dəhliz boyunca yükdaşımaların inkişafına və beynəlxalq təchizat zəncirinin dayanıqlığına töhfə verir.

Qeyd edək ki, xam neft, mazut, dizel, benzin və mayeləşdirilmiş qaz kimi müxtəlif neft məhsullarının daşınmasını təmin edən Batumi Neft Terminalında cari ilin birinci yarısında təxminən 725 min ton maye yük emal olunub.