Ukrayna Silahlı Qüvvələri Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) Rusiyanın Novorossiysk limanı yaxınlığındakı dəniz terminalında yerləşən “Nelsa” neft tankerinə dronla hücum edib.
Denizxeber.az bildirir ki, hücumdan sonra tankerin göyərtəsində olan 22 nəfərlik beynəlxalq heyət üzvü XBKK-nın yedək gəmiləri vasitəsilə dərhal təhlükəsiz əraziyə təxliyə edilib. Gəmidə yalnız kapitan və baş zabit qalıb. İnsident zamanı xəsarət alan olmayıb.
Hadisə nəticəsində terminalda neftin yüklənməsi müvəqqəti dayandırılıb. Çevik müdaxilə sayəsində yanacağın dənizə tökülməsinin və mümkün alovlanmanın qarşısı alınıb.
Qazaxıstan Xarici İşlər Nazirliyi hadisəyə kəskin reaksiya verərək rəsmi bəyanat yayıb. Bəyanatda bu addım Qazaxıstan Respublikasının iqtisadi maraqlarına qarşı yolverilməz qəsd kimi qiymətləndirilib.
Qeyd edək ki, XBKK Rusiya, Qazaxıstan və beynəlxalq şirkətlərin iştirakı ilə yaradılmış, Qazaxıstan neftini dünya bazarına nəql edən 1500 kilometrlik strateji boru kəmərinin operatorudur.





