“HD Hyundai” və “Kiewit Corporation” şirkətinin Texas ştatında fəaliyyət göstərən törəmə müəssisəsi “Kiewit Offshore Services” (KOS) ABŞ-də gəmiqayırma gücünün artırılması və ölkənin dəniz sənayesi bazasının gücləndirilməsi məqsədilə strateji tərəfdaşlıq sazişi imzalayıblar.
Denizxeber.az “Seanews.az”-a istinadən xəbər verir ki, saziş dünyanın ən böyük gəmiqayırma şirkətlərindən biri ilə Şimali Amerikanın aparıcı mühəndislik, tikinti və istehsal qruplarından birini bir araya gətirir.
Şirkətlərin bildirdiyinə görə, tərəfdaşlıq çərçivəsində ABŞ-də həyata keçirilən gəmiqayırma proqramları üzrə əməkdaşlıq ediləcək. Buraya gəmi blokları və modullarının istehsalı daxildir. Bundan əlavə, tərəflər qarşılıqlı strateji maraq doğuran digər istiqamətlər üzrə də əməkdaşlıq imkanlarını nəzərdən keçirəcəklər.
“HD Hyundai” gəmi layihələndirilməsi, qabaqcıl istehsal texnologiyaları, satınalma prosesləri və gəmiqayırma sahəsindəki təcrübəsini layihəyə cəlb edəcək. “Kiewit Offshore Services” isə xüsusilə ABŞ-nin Körfəz sahilində yerləşən istehsal müəssisələri vasitəsilə irihəcmli istehsal, tikinti və mürəkkəb layihələrin icrası üzrə imkanlarını təqdim edəcək.
Şirkətlər bildiriblər ki, tərəfdaşlığın əsas məqsədi qabaqcıl istehsal metodlarını və sınaqdan çıxmış istehsal təcrübəsini birləşdirərək ABŞ-də yerli gəmiqayırma potensialının genişləndirilməsinə töhfə verməkdir.





