Banqladeş Matarbari dərin dəniz limanında özəl maliyyələşmə hesabına həyata keçiriləcək 1 milyard ABŞ dolları dəyərində gəmiqayırma və gəmi təmiri kompleksinin yaradılmasına ilkin razılıq verib.
Denizxeber.az “Seanews.az”-a istinadən xəbər verir ki, ölkənin Gəmiçilik Nazirliyi “Matarbari Green Dockyard and Shipbuilding Facility” layihəsini prinsip etibarilə təsdiqləyib və təşəbbüsü texniki və maliyyə qiymətləndirilməsi üçün Dövlət-Özəl Tərəfdaşlıq (PPP) İdarəsinə təqdim edib.
Layihənin maliyyələşdiricisi qismində Avstraliyada yerləşən “AIS Marine Investments”, texniki tərəfdaş kimi isə “China Harbour Engineering Company” nəzərdə tutulub. Tikintinin başlanma tarixi hələ açıqlanmayıb.
Layihənin Çattoqram Liman İdarəsinə məxsus təxminən 200 akr ərazidə həyata keçirilməsi planlaşdırılır. Layihə çərçivəsində ölçüləri 600 metr uzunluğu və 95 metr eni olan quru dokun inşası nəzərdə tutulur. Bu dok Matarbari limanına, Banqladeşin digər limanlarına və Benqal körfəzində fəaliyyət göstərən iri ticarət gəmilərinə xidmət göstərə biləcək.
Kompleks gəmiqayırma, planlı doklama və təcili təmir xidmətləri təqdim edəcək ki, bu da iri gəmilərin təmir üçün Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və ya Çinə göndərilməsi ehtiyacını azaldacaq.





