Strateji boğazda neft tankeri minalanıb

77

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üç neft tankerinin Hörmüz boğazının cənubunda minalanmış marşrutla hərəkət etməyə cəhd göstərdiyini və onlardan birinin minaya düşərək yandığını bildirib.

Denizxeber.az bildirir ki, bu barədə “Press TV” SEPAH-ın bəyanatına istinadən xəbər yayıb.

Bəyanatda qeyd olunub ki, tankerlərdən biri partladıqdan sonra digər iki gəmi geri dönərək boğazı tərk edib:

“Hörmüz boğazı bizim nəzarətimiz altındadır və ABŞ regionda aqressiv fəaliyyətini davam etdirdiyi müddətdə tamamilə bağlı qalacaq”.

Xatırladaq ki, bir gün əvvəl SEPAH Hörmüz boğazının cənub hissəsinin minalandığını elan etmişdi. Buna cavab olaraq ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın boğaza nəzarət etməsi barədə iddiaları təkzib etmiş və ticarət gəmilərinin marşrutdan sərbəst istifadə etdiyini bildirmişdi.