Sağlamlıq naminə birlik

52

İyulun 28-i Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarı ilə Ümumdünya Hepatitlə Mübarizə Günü kimi qeyd olunur.

Denizxeber.az bildirir ki, bu günün əsas məqsədi virus hepatitləri haqqında ictimai məlumatlılığı artırmaq, xəstəliyin profilaktikası, erkən diaqnostikası və müalicəsinin əhəmiyyətini diqqətə çatdırmaqdır. Bu tarix hepatit B virusunu kəşf edərək Nobel mükafatına layiq görülmüş alim Barux Blumberqin doğum gününə təsadüf edir.

Mütəxəssislər bildirirlər ki, hepatit qaraciyərin iltihabi xəstəliyi olub, ən çox A, B, C, D və E virusları ilə əlaqələndirilir. Xüsusilə hepatit B və C uzun müddət simptomsuz inkişaf edərək sirroz və qaraciyər xərçəngi kimi ağır fəsadlara yol aça bilər. BMT-yə üzv dövlətlər tərəfindən imzalanmış Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq, hepatitə yoluxanların sayının 2030-cu ilədək 90 faiz azaldılması əsas hədəf seçilib.

Hepatit xəstəliyinin müayinə və müalicəsi sahəsində ölkəmizdə də mühüm tədbirlər görülür. 2014-cü ildən etibarən Azərbaycan Səhiyyə Nazirliyində hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi komissiya fəaliyyət göstərir, pasiyentlərin pulsuz dərman preparatları ilə təminatı və müalicəsi həyata keçirilir.