Hərbi-siyasi fikir ayrılığı

127

ABŞ-nin avropalı müttəfiqləri Vaşinqton və Tehran arasında hərbi əməliyyatlar dayandırılana qədər Hörmüz boğazında birgə patrul xidmətində iştirak etməkdən imtina edirlər.

Denizxeber.az “Politico” nəşrinə istinadən verdiyi məlumata görə, ABŞ-nin müdafiə naziri Pit Heqset Böyük Britaniya və Fransanı dəniz koalisiyasına rəhbərlik etməyə cəlb etməyə çalışsa da, Avropa tərəfi bu təklifə şübhə ilə yanaşır.

Məlumata əsasən, ABŞ və Britaniya rəsmiləri Hörmüz boğazında təhlükəsizliyin qorunması məqsədilə Londonda müştərək konfrans keçirməyi planlaşdırsalar da, mənbələr ciddi irəliləyişin gözlənilmədiyini bildirirlər. Avropa müttəfiqlərinin bu mövqeyi Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlara başlamazdan əvvəl on xəbərdarlıq etməməsi və riskli dəniz missiyalarında tərəfdaşlıq yanaşmasının zəifliyi ilə əlaqələndirilir.