Ukraynanın Odessa limanı yaxınlığında dron hücumuna məruz qalan və göyərtəsində azərbaycanlı dənizçilərin də olduğu “Ata 2” gəmisi ilə bağlı növbəti məlumat əldə olunub.
Denizxeber.az bildirir ki, gəminin ikinci kapitanının oğlu Məhəmməd Mahmudzadənin verdiyi məlumata görə, hazırda gəmi heyətinin vəziyyəti yaxşıdır və insident zamanı xəsarət alan olmayıb.
M.Mahmudzadə bildirib ki, hücum nəticəsində zədələnən gəmi əl ilə (manual) idarə olunan ehtiyat sistem vasitəsilə hərəkətini davam etdirir:
“Hazırda vəziyyət yaxşıdır. Gəmidə manual rejimdə çalışan ehtiyat idarəetmə sistemi var və heyət həmin sistem vasitəsilə üzməyə davam edir. Gəmi hazırda Bolqarıstan istiqamətində irəliləyir. Oradan İstanbula keçəcəklər, daha sonra isə gəmi əsaslı təmirə yönləndiriləcək”.













