Hər il avqustun 19-da dünyada vizual yaddaşın və incəsənətin ən mühüm sahələrindən biri olan Dünya Fotoqrafiya Günü qeyd olunur. Fotoqrafiya anları, duyğuları və tarixi hadisələri kadrlara köçürərək gələcək nəsillərə daşıyan bənzərsiz bir sənət növüdür.
Denizxeber.az “Suraxanı” gəmi-muzeyi-nə istinadən xəbər verir ki, açıq dənizdə, mürəkkəb hava şəraitində və çətin naviqasiya mühitində çalışan dənizçiləri də bu sənətin özünəməxsus nümayəndələri hesab etmək olar. Onların obyektivində günəşin doğuşu və batmasından tutmuş dəniz fırtınalarına, liman əməliyyatlarından gəmidəki gündəlik gərgin əmək prosesinə qədər bir çox nadir və unudulmaz anlar əks olunur.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyi dənizçilik irsinin və dənizçi əməyinin təbliği məqsədilə fotoqrafiyaya dair layihələrə xüsusi diqqət yetirir. Müxtəlif illərdə təşkil edilən foto müsabiqələri Xəzər dənizini və gəmiçilik həyatını fərqli baxış bucağından təqdim etməyə şərait yaradıb.
Mərkəzin təşkil etdiyi yaradıcı layihələrdə “Suraxanı” gəmi-muzeyinin gənc könüllüləri də fəal iştirak edərək, öz baxışlarını və dəniz dünyasını fotoqrafiya vasitəsilə nümayiş etdiriblər.








