Hərbi sənətkarlığın əfsanəsi

433

Avqustun 23-də Azərbaycanın milli hərbi tarixinin parlaq simalarından biri, görkəmli hərbi xadim, komandir və briqada komandiri (briqkom) Cəmşid Naxçıvanskinin anadan olmasının 131-ci ildönümü tamam olur.

Denizxeber.az bildirir ki, 1895-ci il avqustun 23-də Naxçıvan şəhərində istefada olan rotmistr Cəfərquluxan Naxçıvanskinin ailəsində dünyaya göz açan Cəmşid xan Naxçıvanski, Azərbaycan Xalq Cümhuriyyəti və sonrakı dövrdə milli hərbi kadrların hazırlanmasında müstəsna xidmətlər göstərib.

Yelizavetqrad qvardiya məktəbini bitirdikdən sonra müsəlman süvari eskadronuna komandanlıq edib, “Brusilov cəbhəsi”nin yarılmasında iştirak edib. Avstriya-Rumıniya cəbhəsində 3 dəfə yaralanıb, gümüş silah, 2-ci və 3-cü dərəcəli “Müqəddəs Anna”, 2-ci dərəcəli “Müqəddəs Stanislav” və 4-cü dərəcəli “Müqəddəs Georgi” ordenləri ilə təltif olunub. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakının daşnak-bolşevik və “Sentrokaspi Diktaturası” qüvvələrindən təmizlənməsində iştirak edib. 1920-ci ilin martında Səmədbəy Mehmandarovun əmri ilə II Qarabağ süvari alayının komandiri təyin edilərək Şuşada daşnaklara qarşı döyüşlərə rəhbərlik edib.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakıda Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi və ilk milli atıcı diviziyasının komandiri olub. Əliağa Şıxlinski ilə birgə “Hərbi bilik” jurnalını nəşr etdirib. Moskvada M.V.Frunze adına Ali Hərbi Akademiyanı fərqlənmə diplomu ilə bitirərək orada müəllim saxlanılıb, 3 il ümumi taktika kafedrasına rəhbərlik edib və 1935-ci ildə briqada komandiri rütbəsinə layiq görülüb.

1930-cu illərin ortalarında Stalin repressiyalarının qurbanı olan Cəmşid Naxçıvanski haqsız olaraq həbs edilib və Moskva yaxınlığındakı “Kommunarka” adlı gizli obyektdə (qardaşlıq məzarlığında) dəfn olunub.

Qırmızı Bayraq, Qırmızı Əmək Bayrağı və Qırmızı Ulduz ordenli komandirin xatirəsi Azərbaycanda yüksək tutulur. Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey və küçə fəaliyyət göstərir, Naxçıvan şəhərində isə xatirə muzeyi yerləşir.