ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində Ekvador narkokartelinin maraqları üçün istifadə olunduğu bildirilən gəmini ələ keçirərək məhv ediblər.
Denizxeber.az bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
Komandanlığın “X” sosial şəbəkəsində yaydığı məlumata görə, əməliyyat Ekvador hökuməti ilə əməkdaşlıq və koordinasiya çərçivəsində həyata keçirilib.
Açıqlamada bildirilir ki, gəmi beynəlxalq sularda narkotik vasitələrin qaçaqmalçılığında istifadə olunub və eyni zamanda üzən yanacaqdoldurma məntəqəsi kimi fəaliyyət göstərib.
“Şərqi Sakit okeanda, beynəlxalq sularda narkotiklərin qaçaqmalçılığı üçün istifadə olunan və üzən yanacaqdoldurma stansiyası rolunu oynayan gəmi saxlanılıb. Kəşfiyyat məlumatları gəmidən ‘Los Çoneros’ qəddar narkoterror təşkilatının maraqları naminə istifadə edildiyini təsdiqləyib”, – deyə Komandanlığın açıqlamasında qeyd olunub.
Əməliyyat zamanı gəminin göyərtəsində olan şəxslər Ekvador rəsmilərinə təhvil verilib.
ABŞ hərbçiləri gəmidə axtarış və təhlükəsizlik tədbirlərini başa çatdırdıqdan sonra gəmini batırıblar.





