Qazaxıstan 2030-cu ilədək dəniz limanlarının ümumi yükötürmə gücünü 21,8 milyon tondan 30 milyon tona çatdırmağı planlaşdırır.
Denizxeber.az bildirir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, son beş il ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM), yaxud Orta Dəhliz üzrə daşımaların həcmi 5,6 dəfə artaraq 800 min tondan 4,5 milyon tona yüksəlib.
Hazırda Aktau və Kurık limanlarının imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılır. Bu çərçivədə yeni terminalların inşası, dibdərinləşdirmə işlərinin həyata keçirilməsi, yanalma körpülərinin yenidən qurulması və dəniz donanmasının genişləndirilməsi nəzərdə tutulur.
Qazaxıstan hökumətinin məlumatına görə, ölkə 2029-cu ilədək quru yük və konteyner gəmiləri də daxil olmaqla, daha 8 gəmi almağı planlaşdırır.İnfrastrukturun modernləşdirilməsi nəticəsində TBNM-in illik buraxılış qabiliyyətinin 6 milyon tondan 10 milyon tona qədər artırılması gözlənilir.
Bununla yanaşı, Qazaxıstanda dəmir yolu infrastrukturunun genişləndirilməsi də davam etdirilir. Son beş il ərzində təxminən 5 min kilometr dəmir yolu tikilib və modernləşdirilib. Nəticədə tranzit daşımalarının həcmi 33 milyon tona çatıb.Yaxın üç il ərzində isə ölkədə daha 2,2 min kilometr dəmir yolunun tikintisi və yenilənməsi planlaşdırılır.Qazaxıstanın bu layihələri Orta Dəhlizin ötürücülük imkanlarının artırılması və Xəzər dənizi üzərindən tranzit daşımalarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.





