Xəzər dənizinin geri çəkilməsi Lənkəranda yeni ekosistemin formalaşmasına səbəb olub

11

Xəzər dənizinin son illərdə geri çəkilməsi nəticəsində Lənkəranda vaxtilə su altında qalan ərazilər quruyub və burada yeni təbii landşaft formalaşmağa başlayıb. Həmin sahələrdə yaşıllıq zolaqları yaranıb, müxtəlif bitki və ağac növləri yayılır.

Denizxeber.az bildirir ki, Lənkəranın Kənarmeşə kəndi ərazisindəki mənzərə xüsusilə diqqət çəkir. Bir neçə il əvvəl dəniz suları altında qalan bu sahələr dənizin çəkilməsi ilə yaşıllığa bürünüb.

Yerli sakinlərin sözlərinə görə, son bir ildə ərazidə yaşıllıq sahəsi daha da genişlənib. Burada yerli landşafta xas müxtəlif bitkilərlə yanaşı, fındıq, qoz, tut, əncir və digər meyvə ağacları da yetişir. Ərazidə hündürlüyü 3-4 metrə çatan dəmirağaclarına da rast gəlinir. Bu ağaclar insanlar tərəfindən əkilməyib, təbii şəkildə bitib.

Mütəxəssislərin fikrincə, dənizin çəkilməsi nəticəsində yaranan quru sahələrdə bitki örtüyünün formalaşması təbii ekoloji prosesdir. Torpağın xüsusiyyətləri, rütubət səviyyəsi, iqlim şəraiti və toxumların yayılması yeni bitki örtüyünün yaranmasına şərait yaradır.

Ekoloq Nazim Məmmədov bildirib ki, Lənkəranın sahilyanı ərazilərində dənizin çəkilməsi ilə üzə çıxan quru sahələrdə yeni ekosistemin formalaşması təbii proseslərlə bağlıdır. Ətrafdakı meşəliklərin, dağlıq sahələrin və müxtəlif meyvə ağaclarının mövcudluğu toxumların yayılmasına şərait yaradır. Toxumlar əraziyə həm su axınları, həm də quşlar vasitəsilə daşınır.

Ekoloqun sözlərinə görə, əvvəllər dəniz suyu altında qalan ərazilərdə bitki örtüyünün inkişafı üçün əlverişli şərait olmayıb. Dəniz suyunun yüksək duzluluğu torpaqda mikroorqanizmlərin fəaliyyətini zəiflədib və humusun əmələ gəlməsini məhdudlaşdırıb. Lakin suyun çəkilməsi, intensiv yağıntılar və torpaqda şirin suyun təsirinin artması nəticəsində burada bitkilərin inkişafı üçün daha əlverişli mühit yaranıb.

Torpaqda mövcud olan toxumlar və bitkilərin kök sistemi yeni şəraitə uyğunlaşaraq inkişaf etməyə başlayıb. Nəticədə əvvəllər su altında qalan sahələrdə yaşıllıq zolaqları yaranıb, yeni ekosistemin formalaşması sürətlənib.

Nazim Məmmədov qeyd edib ki, bu ekosistemin gələcəyi Xəzərin səviyyəsinin dəyişməsindən asılıdır. Dənizin səviyyəsi yenidən qalxarsa və sahilyanı ərazilər su altında qalarsa, formalaşmış bitki örtüyü məhv ola bilər.