“Suraxanı” gəmi-muzeyində Zəfər Günü qeyd olunub – FOTO

5

ASCO-nun “Suraxanı” gəmi-muzeyində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Açıq qapı günü” keçirilib. Bu münasibətlə ziyarətçilərə muzeyə sərbəst giriş imkanı yaradılıb.

Qonaqlar gəmiçiliyin tarixi ilə tanış olmaqla yanaşı, 360 dərəcəlik ekran vasitəsilə Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışlarını, xalq, ordu və dövlət birliyini əks etdirən videoçarxları, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini əks etdirən görüntüləri izləyiblər.

Muzeyin “Qarabağ Azərbaycandır!” interaktivində isə Ermənistanın işğal dövründə törətdiyi vandalizm faktları nümayış olunub.

Bununla yanaşı, bələdçilər ziyarətçilərə 44 günlük Vətən müharibəsində iştirak etmiş dənizçilərin, eləcə də şəhidlik zirvəsinə ucalmış Azərbaycan Dövlət Dəniz Akademiyasının və Azərbaycan Dənizçilik Kollecinin tələbələrinin qəhrəmanlıq nümunələri və döyüş yolu barədə ətraflı məlumat veriblər.

#ZəfərGünü#Azerbaijan#QarabağAzərbaycandır#AZCON#ASCO#SurakhaniShipMuseum