Qlobal iqlim dəyişmələrinin dağ ekosistemlərinə və buzlaqlara təsiri məsələləri beynəlxalq müstəvidə diqqət mərkəzində qalmaqdadır. Buzlaqların sürətlə əriməsi milyardlarla insanın su təhlükəsizliyini birbaşa təhdid edir.
Denizxeber.az bildirir ki, bu barədə “Buzlaqlarla əlaqədar uyğunlaşma, azaltma, itki və zərər, onların monitorinqinin maliyyələşdirilməsi” mövzusundakı yüksəksəviyyəli tədbirdə çıxış edən Baş nazirin müavini Teymur Musayev deyib.
O qeyd edib ki, əsrlər boyu dağ icmaları təbiətlə tarazlıq şəraitində yaşayaraq aşağı axınlarda məskunlaşan milyardlarla insanın su təminatında mühüm rol oynayıb. Lakin hazırda bu tarazlıq pozulur, permafrostun əriməsi, torpaq sürüşmələri və dağıdıcı daşqınlar daha tez-tez baş verir. Azərbaycan da məhz bu reallığı nəzərə alaraq, COP29-a sədrliyi dövründə dağlıq regionların üzləşdiyi problemləri əsas prioritetlərindən birinə çevirib. Bakıda keçirilən Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində Qırğızıstan və Monqolustanla birgə dağ gündəliyinin irəli aparılması istiqamətində mühüm addımlar atılıb, UNFCCC çərçivəsində dağ ekosistemlərinin qorunması məsələsi qlobal müzakirələr müstəvisinə çıxarılıb.
Teymur Musayev çıxışında elmi müşahidələrin nəticələrinə və statistik göstəricilərə də diqqət çəkib. Qeyd edib ki, Qafqaz dağları Azərbaycan üçün həyati əhəmiyyət daşıyan su mənbələridir. Qusarçay hövzəsində buzlaqlarla bağlı ilk rəsmi məlumatlar 1890-cı ilə aiddir. Son illərdə aparılan sahə müşahidələri isə buzlaqların ərimə prosesinin əhəmiyyətli dərəcədə sürətləndiyini göstərir. “Azərkosmos”un peyk müşahidələrinin nəticələrinə əsasən, 2017–2025-ci illərdə Böyük Qafqazın Azərbaycan hissəsində buzlaqların sahəsi 9 faiz azalıb. Bundan əlavə, Qusarçay hövzəsində son 19 il ərzində aparılan ardıcıl tədqiqatlar qar örtüyünün su ehtiyatlarının formalaşmasındakı payının azalma tendensiyasını üzə çıxarıb. Bu göstəricilər iqlim dəyişmələrinin yaratdığı fəsadları aydın şəkildə nümayiş etdirir.
Azərbaycanın COP29 çərçivəsində həyata keçirdiyi təşəbbüslərə toxunan Baş nazirin müavini 70-dən çox ölkənin və təqribən 100 maraqlı tərəfin dəstəyi ilə qəbul edilmiş “İqlim Fəaliyyəti üçün Su üzrə COP29 Bəyannaməsi”nin və “Su üzrə Bakı Dialoqu”nun əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, bu platformalar dağ ekosistemlərinin və buzlaqların qorunması istiqamətində davamlı və əlaqələndirilmiş addımların atılmasına şərait yaradır.
Sonda Teymur Musayev yalnız elmi biliklərin və monitorinqlərin kifayət etmədiyini, bu proseslərin adekvat və uzunmüddətli iqlim maliyyələşməsi ilə dəstəklənməli olduğunu diqqətə çatdırıb. Bakı Maliyyə Məqsədinin icrasının, erkən xəbərdarlıq sistemlərinin və peyk texnologiyalarının tətbiqinin vacibliyini vurğulayan Baş nazirin müavini beynəlxalq birliyi dağ ekosistemlərinin qorunması və gələcək nəsillər üçün ekoloji dayanıqlılığın təmin edilməsi naminə sıx əməkdaşlığa çağırıb.





