“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən “PeşəFest-2026” peşələr festivalında iştirak ediblər.
Denizxeber.az bildirir ki, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival gəncləri və valideynləri əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə, karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyıb.
Layihə çərçivəsində ASCO-nun “Suraxanı” gəmi-muzeyinin bələdçisi Əliağa Səfərov və Xəzər Dəniz Neft Donanmasının Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin mühəndisi Rüstəm Həsənli müxtəlif şəhər və rayonlarda təşkil olunan tədbirlərdə iştirak edərək dənizçi peşəsinin xüsusiyyətləri, dəniz nəqliyyatının ölkə iqtisadiyyatındakı rolu və gəmiçilik sahəsində karyera imkanları barədə məlumat veriblər.
Bununla yanaşı, festivalda ASCO-nun stendində gəmiçiliyin tarixi və müasir inkişafını əks etdirən naviqasiya avadanlıqları, gəmi maketləri, xilasedici vasitələr və digər əyani materiallar nümayiş etdirilib.
Qeyd edək ki, “PeşəFest-2026” layihəsinə 18 sentyabrda Sumqayıt şəhərindən start verilib, daha sonra Qax, Mingəçevir, Gəncə, Qazax, Bərdə, Saatlı, Masallı, Naxçıvan Muxtar Respublikasının müxtəlif şəhər və rayonlarında davam etdirilib. Bir aydan çox davam edən festivala Bakıda yekun vurulub.


















