“Villa Vie” şirkətinə məxsus “Odyssey” kruiz gəmisinin onlarla heyət üzvü səfərin dayandırılmasından sonra üç həftədən artıqdır ki, gəmini tərk edə bilmir. Dənizçilər gəmidə ağır məişət şəraiti ilə üzləşdiklərini və vətənə qayıtmaq müddətinin dəfələrlə təxirə salındığını bildiriblər.
Denizxeber.az bildirir ki, bu barədə “Business Insider” nəşri gəmi heyətinin üzvlərinə istinadla məlumat yayıb.
Məlumata görə, hazırda Sinqapur sahillərində saxlanılan gəmidə 63-67 nəfər qalır. Heyət üzvlərindən bəziləri mövcud vəziyyəti “cəhənnəm” və “əsl işgəncə” kimi xarakterizə edərək, mümkün qədər tez evlərinə qayıtmaq istədiklərini bildiriblər.
Vəziyyət oktyabrın 27-də “Villa Vie” şirkətinin gəminin fəaliyyətini rəsmi şəkildə dayandırmasından sonra daha da mürəkkəbləşib. “Fasiləsiz kruiz” layihəsinin iştirakçısı olan və qiyməti 119,9 min dollardan 439,9 min dollaradək dəyişən kabinləri daimi yaşayış üçün alan sərnişinlər Kambocada gəmidən düşürülüblər.
Noyabrın 10-da gəmi Sinqapurda məhkəmə qərarı ilə həbs edilib. “Villa Vie” şirkətinin həmtəsisçisi Mikael Petterson “Business Insider”ə açıqlamasında bildirib ki, gəminin lövbər yerindən körpüyə keçirilməsi üçün Sinqapur məhkəmə icraçısının icazəsi tələb olunur. Yalnız bundan sonra heyət üzvlərinin gəmini tərk etməsinə imkan yaranacaq.
Qeyd edək ki, “Skip Forward” adlı ilk fasiləsiz dünya kruiz səfəri yanacaq böhranı səbəbindən yarımçıq dayandırılıb. “Villa Vie Odyssey” gəmisinin səyahəti yanacağın qiymətinin Fələstin-İsrail münaqişəsinin başlanmasından bəri 300 faizdən çox artması səbəbindən Kambocanın Sianukvil şəhərində başa çatıb.
Məlumata görə, sərnişinlər arasında kruizdə iştirak etmək üçün bütün yığımlarını xərcləyən və gəmidəki kabinini 15 il müddətinə bron edən ABŞ-dən olan təqaüdçü qadın da var. Dörd il müddətinə “hər şey daxil” xidmət təklif edən birnəfərlik kabinlərin qiyməti isə 255,9 min dollardan başlayır.





