Daha bir Mərkəzi Asiya ölkəsinə Azərbaycan üzərindən Avropaya yük daşımaq imkanı açıldı…

354

Azərbaycanın nəqliyyat infrastrukturu son dövrlərdə Mərkəzi Asiya ölkələrinin də diqqətini özünə daha çox cəlb etməkdədir. Belə görünür ki, burada yer alan ölkələr yüklərini daha böyük həcmdə Azərbaycan üzərindən dünya bazarlarına çıxarmaqda maraqlıdır.

Xatırladaq ki, Bakı-Tiflis-Qars dəmir yolu xətti işə düşdükdən sonra Qazaxıstan yükdaşımalarda Azərbaycanın tranzit imkanlaırndan geniş şəkildə faydalanır. Amma artıq bu sıraya Özbəkistan da qoşulmağa hazırlaşır. Özbəkistan baş nazirinin müavini Elyar Qaniyev bildirir ki, Azərbaycanın Ələt limanı “Orta dəhliz”in nəqliyyat potensialından maksimum istifadə etməyə imkan yaradır.

O,  “Azərbaycan, Türkiyə və Gürcüstanın dəniz limanları regionlararası nəqliyyatın inkişafında necə rol oynayır və daha hansı formada tərəfdaşlığa ehtiyac var” sualına cavab verərkən bildirib ki, Xəzəryanı ölkələrin liman infrastrukturunun inkişafı Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinin önəmini də əhəmiyyətli dərəcədə artırır: “Böyük dənizlərə çıxış üçün bizə ən yaxın liman Poti limanıdır. Həmçinin, bizim yaxın tərəfdaşlarımız və qonşularımız olan Azərbaycan, Türkmənistan, Türkiyə və bütün region ölkələrinin limanlarından istifadə etməkdə maraqlıyıq. Bu bizə səmərəli nəqliyyat dəhlizi imkanı yaradır. Bu baxımdan Bakı-Tiflis-Qars böyük önəmə sahibdir və o, Türkiyə və Avropa dəmir yolu şəbəkəsinə çıxış baxımından böyük imkanlara sahibdir”. Baş  nazir müavini qeyd edib ki, region ölkələri öz nəqliyyat və enerji infrastrukturlarını son illərdə əhəmiyyətli şəkildə inkişaf etdiriblər: “Azərbaycanın Ələt, Gürcüstanın Poti, Qazaxıstanın Kureki limanları sürətlə inkişaf edir. Bu bizə müvafiq dəhlizin tranzit imkanlarından maksimum istifadə etməyə şərait yaradır”.

Xatırladaq ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türk Şurasının Bakıda keçirilmiş Zirvə Görüşündə çıxışı zamanı Bakı-Tiflis-Qars amilinə xüsui toxunmuşdu: “Bakı-Tiflis-Qars dəmir yolu xəttindən səmərəli istifadə əhəmiyyətlidir. Nəqliyyat, loqistika əlaqələrinin inkişafı ölkələr arasında münasibətlərin irəliləməsinə töhfə verəcək, eyni zamanda Özbəkistanın şəhərlərini Avropaya daha da yaxınlaşdıracaq”.  Ümumiyyətlə, ekspertlər bildirir ki,  sözügedən dəmir yolu Mərkəzi Asiya ölkələrinin, yəni Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa,  dünya bazarlarına çıxışını asanlaşdırır. Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artırmağa imkan verir. Bütün bunlar Bakı-Tiflis-Qars xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını aydın göstərir. Elə iqtisadçı ekspert Vüqar Bayramov da deyir ki, Bakı-Tiflis-Qars dəmir yolu nəqliyyat dəhlizlərinin birləşdirilməsi baxımından vacibdir: “Bu bizə imkan verir ki, Avropa və Asiyanı, xüsusən də Mərkəzi Asiya ilə Qara dəniz hövzəsini dəmir yolu xətti vasitəsilə birləşdirmək mümkün olsun. Asiyada Çin və digər ölkələr regiona böyük məbləğdə məhsullar ixrac edir. Bu da onların ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir. Sözügedən dəmir yolu xətti həm də Azərbaycanın qeyri-neft məhsullarının Türkiyə və digər ölkələrin bazarlarına çıxmasına imkan yaradır”. Belə vəziyyətdə Bakı-Tiflis-Qarsla Azərbaycanın regional gücü artır. Belə ki, indi aydın görünür ki, Türkiyə və Mərkəzi Asiya ölkələri arasında quru yolu üzərində Azərbaycan əsas faktora çevrilir. Eləcə də ölkəmiz “Böyük İpək Yolu” layihəsinin həyata keçməsi ilə Çindən Avropaya qədər olan marşrut xəttində əsas paya sahib olmaqdadır. Belə demək mümkünsə, Uzaq Şərqlə Avropa arasında paylayıcı rol oynamaqla ölkəmizin iqtisadi və siyasi əhəmiyyəti Avropa və Avrasiyada daha da yüksəlir. Bu mənada, Orta Asiya ölkələrinin Azərbaycanın tranzit imkanlarına artan diqqəti də tamamilə təbii qarşılana bilər.

Beləliklə, görünən budur ki, Qazaxıstandan sonra Özbəkistan da yüklərinin bir hissəsini məhz Azərbaycan üzərindən dünya bazarlarına çıxarmağı düşünür. Əslində, Lapis-Lazuli nəqliyyat dəhlizi işə düşdükdən sonra Türkmənistan da yüklərinin bir hissəini Azərbaycan üzərindən dünya bazarına çıxarır. Amma belə bir vaxtda Xəzər dənizi-Qara dəniz marşrutunun ərsəyə gətrilməsinin də aktuallaşması bütövlükdə Mərkəzi Asiyanın Azərbaycana marağının daha da yüksəlməsinə rəvac verəcək. Söhbət sözügedən marşrut nəticəsində Rumıniya vasitəsilə Avropaya daha çox yüklərin daşınmasının mümkünlüyündən gedir. Real vəziyyətin təhlii göstərir ki, hazırda Rumıniya özünün Konstansa limanının Xəzər və Qara dənizi birləşdirəcək nəqliyyat-tranzit dəhlizinin əsas və aparıcı halqalarından birinə çevrilməsi üçün bütün imkanlarını işə salıb. Konstansa limanı Türkmənistanın Türkmənbaşı limanından, eləcə də Qazaxıstan və Özbəkistandan, digər Mərkəzi Asiya ölkələrindən Avropa bazarına göndəriləcək yüklərin əsas məntəqəsinə çevrilə bilər. Daşınma marşrutu xüsusi konteynerlərlə yüklərin Xəzər dənizi vasitəsilə Bakıya, oradan dəmir yolu vasitəsilə Batumi və yaxud Potiyə, buradan isə dənizlə Rumıniyaya göndərilməsini nəzərdə tutur. Ekspertlərin qənaətincə, bütün Mərkəzi Asiya ölkələri Xəzər dənizi-Qara dəniz marşrutunda potensial maraqlı dövlətlər qismində çıxış edə bilər. Digər tərəfdən, bu layihədə Qara dəniz hövzəsi ölkələri, Rumıniya ilə yanaşı, Türkiyə, Ukrayna və Bolqarıstan da iştirak edə bilər. Hazırda bu istiqamətdə görülən işlər Azərbaycan üzərindən keçən daha bir vacib naqliyyat dəhlizinin işə salınacağını göstərir. Buna adekvat olaraq Azərbaycan davamlı şəkildə nəqliyyat və logistika infrastrukturunu inkişaf etdirir. Ölkə qısa zamanda yük daşımaları üçün əlverişli infrastruktur yarada bilib. Bütün bunlar artıq qlobal miqyasda Azərbaycana daha çox diqqət yetirilməsinə rəvac verir.