İran Xəzərdə kilkə ovuna başlayıb

376

İranın şimalında yerləşən Gilan və Mazandaran vilayətlərində balıqçılar Xəzər dənizində 73 gəmi ilə kilkə ovuna başlayıblar.

Trend-in məlumatına görə, bunu İranın Balıqçılıq Təşkilatının balıq ovu və ovçuluq idarəsinin baş direktoru Muxtar Axundi deyib.

M.Axundinin sözlərinə görə, Xəzər dənizində kilkə kürüləməsi yaz fəslində olduğuna görə, kilkə ovu yayda başlayır.

O, əlavə edib ki, Mazandaran vilayətində 43, Gilan vilayətində isə 30 gəmi kilkə ovu ilə məşğul olacaq.

“Ötən ildə (21 mart 2019-dan -20 mart 2020-dək) Xəzər dənizindən təxminən 23 min ton kilkə ovlanıb. Bunun 80%-i Mazandaran vilayətinə, 20%-i isə Gilan vilayətinə aid olub. Bu il bu rəqəmin artacağına ümid olunur” .

Təşkilat rəsmisi öncəki ildə (21 mart 2018-dən -21 mart 2019-dək) ümumilikdə İranın Xəzər dənizində kilkə ovunun 26 min ton olduğunu deyib.

Xəzərdə ovlanan kilkə balıqlarının əsas hissəsi balıq tozuna çevrilməsi üçün balıq emal zavodlarına göndərilir.