BP-nin vitse-prezidenti: Bizim Azərbaycandakı işimiz fasiləsiz və təhlükəsiz aparılır

303

BP-nin Azərbaycandakı işi fasiləsiz, təhlükəsiz və heç bir maneə olmadan gedir.

Bunu Trend-ə region əlaqələri, xarici işlər və “BP Azerbaijan”ın strategiyası üzrə BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

B.Aslanbəyli bildirib: “Qürurla deyə bilərəm ki, bu son dərəcə çətin günlərdə və misli görünməmiş dərəcədə çətin şəraitdə işçilərimizin təhlükəsizliyini və sağlamlığını təmin etmək üçün əlimizdən gələni etməyə çalışmışıq. Bizim işimiz fasiləsiz, təhlükəsiz və heç bir maneə olmadan gedir. Belə çətin günlərdə ölkə və region üçün fasiləsiz neft və qaz hasilatı və ixracının nə demək olduğunu hamımız yaxşı bilirik”.

Azərbaycanda davam edən layihələrdən danışan B.Aslanbəyli qeyd edib ki, BP “Şəfəq-Asiman” blokunda ilk kəşfiyyat quyusunu qazmağa davam edir və bu ilin sonuna qədər qazma işlərini başa çatdırmaq niyyətindədir:

“Qazma qurğusunun modernləşdirilməsi başa çatdıqdan dərhal sonra Abşeron yarımadasının dayaz sularında ilk kəşfiyyat quyusunun qazılmasına başlamağı planlaşdırırıq. Ümid edirik ki, qazma qurğusunun modernləşdirilməsi bu ilin sonunadək başa çatacaq. Bildiyiniz kimi, biz bu ilin əvvəlində D-230 blokunda ilk 3D-seysmik proqramımızı başa vurduq və indi Hyustondakı superkompüterimizin vasitəsi ilə əldə edilmiş məlumatların emalını və interpretasiyasını sürətləndirmək niyyətindəyik”.

BP-nin vitse-prezidenti əlavə edib ki, Azəri-Çıraq-Günəşli üçün yeni platformanın tikintisi də davam edir. O qeyd edib ki, pandemiyanın tikinti işlərinə təsirinə baxmayaraq, şirkətin 2023-cü ildə AÇG platformasından ilk neftin çıxarılması planları dəyişməz olaraq qalır:

“Fürsətdən istifadə edərək, həm dənizdə, həm də quruda yerləşən bütün platformalarımızdakı bütün əməkdaşlarımızza təşəkkür etmək istərdim. Onlar gecə-gündüz ailələrindən uzaqda işləməklə böyük məsuliyyət və öhdəlik hissi nümayiş etdirirlər. Onlar işə çıxmadan əvvəl 7-14 gün karantində qalmağa məcbur olurlar. Onlar sağlamlıq, təhlükəsizlik və sosial məsafə qaydalarına uyğun olaraq yaşayır və işləyirlər. Bütün bunlar tək bir məqsədə çatmaq üçündür: hər gün fasiləsiz neft və qaz hasilatını və ixracını təmin etmək”.

BP-nin vitse-prezidenti COVID-19 pandemiyasının səbəbilə tətbiq edilən məhdudiyyətlər şəraitində göstərilən dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib:

“BP adından ölkə rəhbərliyinə, Nazirlər Kabineti yanında Operativ Qərargahı, bütün dövlət qurumlarına, səfirliklərə və digər təşkilatlara saysız-hesabsız vəziyyətlərdə tez və vaxtında göstərdikləri dəstəyə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Sərhədlərin bağlandığı bu çətin zamanlarda biz heç vaxt müstəqil şəkildə işin öhdəsindən gələ bilməzdik. Mühüm əməliyyatlarda iştirak edən bəzi xarici əməkdaşlarımızın və podratçılarımızın giriş-çıxışı, onlar üçün çarter uçuşlarının, icazələr və vizaların təşkili, onların ölkəyə daxil olmasından sonra karantin üçün xüsusi yerlərinin ayrılması, lazımi avadanlıq və materialların tədarükündə dəstəyə ehtiyacımız var idi. Onların dəstəyi və köməyi olmadan heç vaxt bu çətin şəraitdə istehsal və ixrac əməliyyatlarımızı fasiləsiz və effektiv şəkildə davam etdirə bilməzdik”.

1 iyul 2020-ci il tarixindən etibarən BP-nin Yaxın Şərq və Xəzər regionunda rabitə və təbliğat üzrə vitse-prezidenti təyin olunan B.Aslanbeyli qeyd edib ki, BP Azərbaycanda təlim və inkişaf proqramlarını optimallaşdırmaq üçün səylərini davam etdirəcək:

“Azərbaycan yüksək səviyyəli mühəndisləri, mütəxəssisləri və neft-qaz sənayesində işçi qüvvəsi ilə fəxr edir. “BP Azerbaijan”ın peşəkar heyətinin 90 faizini 2018-ci ilin ortalarından etibarən yüksək təhsilli və təcrübəli sənaye mütəxəssislərindən ibarət qrup təşkil edir. Onların bir çoxu rəhbər vəzifələrdə çalışırlar, o cümlədən Regional Rəhbərlik Qrupunun üzvləridirlər. Bundan əlavə, Azərbaycan vətəndaşlarının böyük bir qrupu xaricdə vəzifələr tutur, BP-nin qlobal müəssisələrində işləyirlər. Onların bir çoxu BP-nin dünyadakı ofislərində rəhbər vəzifələr tutan biznes-rəhbərlər və ya baş menecerlərdir. Şirkətdə milli işçilərin inkişafı, habelə yerli mühəndislik universitetlərində müxtəlif təhsil proqramlarına dəstək BP-nin prioritet istiqamətlərindəndir. BP təlim və inkişaf proqramlarının optimallaşdırılması üzrə səylərini davam etdirəcək və yerli mütəxəssislərin inkişafına imkan yaradan dövlət və özəl sektorun təşəbbüslərində fəal iştirak edəcək. Bu, ölkəyə öhdəliyimizin elementi olaraq qalır”.