Azər Allahverənov: “Görünən odur ki, pandemiya yükdaşımaların həcminə mənfi təsir edə bilməyib”
COVID-19 koronavirus pandemiyası və karantin tədbirlərinin tətbiqi 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda avtonəqliyyat vasitələri ilə (tranzit daxil olmaqla) yükdaşımaların həcminə müəyyən qədər mənfi təsir etsə də, amma dəniz, dəmir yolu və hava ilə yüklərin daşınması 2019-cu ilin eyni dövrü ilə müqayisədə artıb.
Yarım ildə nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 96,3 milyon ton yük daşınıb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, yüklərin 58,4 faizi avtomobil, 7,5 faizi dəmir yolu, 3,2 faizi dəniz, 0,2 faizi hava nəqliyyatı, 30,7 faizi isə boru kəməri ilə daşınıb.
Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-iyun ayları ərzində 7,2 milyon ton yük daşınıb. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artım deməkdir. Məlumata əsasən, hesabat dövrü orta hesabla sutkada 315 vaqon yüklənib, 370 vaqon isə boşaldılıb. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 3 047,9 min ton təşkil edib. Məlumata əsasən, bu dövr dəniz limanları tərəfindən 4 498,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 4 279,0 min tonunu, yəni 95,1 faizini tranzit yüklər təşkil edib.
Hansı ki, bir sıra ölkələrdə sözügedən nəqliyyat vasitələri ilə yükdaşımalarda ciddi azalma qeydə alınıb. Azərbaycanda isə, göründüyü kimi, artım qeydə alınıb.
- “Yükdaşımaların Azərbaycan üzərindən həyata keçirilməsi ölkəmizə olan inamdan irəli gəlir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, ölkədə həyata keçirilən siyasət nəticəsində Azərbaycan üzərindən tranzit yükdaşımaların həcmi sürətlə artır: “Demək olar, bütün nəqliyyat növləri üzrə daşınan yüklərin həcmi artır. Görünən odur ki, pandemiya Azərbaycan üzərindən yükdaşımaların həcminə mənfi təsir edə bilməyib. Hətta qarşıdaki ildə ölkə üzərindən yükdaşımaların həcminin daha da artacağı gözlənir. Bunun bir səbəbi də Ələtdəki yeni dəniz limanının tam gücü ilə işləməsidir. Bununla yanaşı, dəmir yolu vasitəsilə Azərbaycan üzərindən yükdaşımaların həcmi artır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın tranzit rolu artır. Bununla bağlı bir sıra beynəlxalq layihələr həyata keçirilir. Artıq bəzi Asiya ölkələri ilə bağlı yeni nəqliyyat layihələri gündəmdədir. Hansı ki, həmin nəqliyyat yolları da Azərbaycandan keçəcək. Eyni zamanda, “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı ciddi iş gedir. Bu gün pandemiya iqtisadiyyatın bir sıra sahələrinə mənfi təsir göstərsə də, beynəlxalq yükdaşımalara elə də təsir göstərə bilməyib. Çünki bu prosesdə bir yox, bir neçə dövlət fəal iştirak edir. Bu baxımdan Azərbaycanın yeri xüsusidir və kifayət qədər əhəmiyyətlidir. Məsələ ondadır ki, yükdaşımaların Azərbaycan üzərindən həyata keçirilməsi ölkəmizə olan inamdan irəli gəlir. Hətta pandemiya kimi fors-major vəziyyətdə belə Azərbaycan bu işin öhdəsindən layiqincə gəldiyini bir daha sübut etdi. Bu da, nəticə etibarilə, ildən-ilə Azərbaycanın artan nüfuzuna, reputasiyasına müsbət təsir göstərən haldır”.
Belə məlum oldu ki, tranzit daşımalarda Azərbaycanın rolu daha da artacaq.