SOCAR yeni inkişaf strategiyasını hökumətə təqdim etməyə hazırlaşır

261

“Prezident İlham Əliyevin 6 avqust 2020-ci il tarixində koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə əlaqədar müşavirədə dövlət şirkətləri haqqında söylədiyi tənqidi fikirləri əldə rəhbər tutaraq koorparativ idarəetmə sisteminin təkmilləşdirilməsi, effektiv bazar iqtisadiyyatı trendlərinə uyğun transformasiya, əməliyyat və investisya layihələrinin gəlirliyinin təmin olunması istiqamətində atdığımız addımları daha da sürətləndiririk”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev rəsmi mətbuatda dərc edilən məqaləsində qeyd edib.

Onun sözlərinə görə, hələ bir müddət əvvəl “McKinsey” şirkəti ilə birlikdə SOCAR-ın 2035-ci ilə qədər olan dövrü əhatə edən yeni inkişaf strategiyası hazırlanıb və bütün təfərrüatı ilə hökumətə təqdim ediləcək: “Strategiyanın əsas prinsipləri sırasında şirkətin dayanıqlı inkişafı, təkmilləşmiş effektiv idarətmə sisteminin tətbiqi, sosial və ekoloji məsuliyyətin artırılması, ölkənin yanacaq enerji tələbatı ehtiyaclarının dəyərləndirilməsi və şirkətin gəlirliliyinin təmin olunması ilə yanaşı, borclanmanın idarə olunması da mühüm yer tutur. Şirkətin idarəetmə modelinin təkmilləşdirilməsi, funksional idarəetmənin mərkəzləşdirilməsi, biznes əməliyyatlarının çevikliyinə nail olunması, bürokratik maneələrin aradan qaldırılması, idarəçilik proseslərinin sadələşdirilməsi bu məqsədlə nəzərdə tutulan mütləq şərtlərdəndir”. 

R.Abdullayev bildirib ki, “2035-ci ilə kimi Korporativ Strategiya” SOCAR-ın qlobal, regional və yerli layihələrinin inkişaf tendensiyalarını bütövlükdə əks etdirir, neft-qaz sənayesində gələcək fəaliyyətin koordinasiyasını, dəyər zəncirinin inteqrasiyasının əsas istiqamətlərini müəyyən edir: “Sənaye 4.0 tələblərinə uyğun olaraq hazırlanmış sənəddə istehsal tsiklinin rəqəmsallaşmasına, innovasiya və vençur layihələrinə ayrılan investisiya həcmlərinin artırılmasına, kadr potensialının ixtisasdəyişmə və ixtisasartırma proqramları vasitəsi ilə optimallaşdırılmasına xüsusi yer ayrılıb ki, bununla da şirkətimizin sosial məşğulluq üzrə öhdəliklərinin daha dayanıqlı şəkildə yerinə yetirilməsinə nail olunacaqdır. Yeni strategiya əsasında investisiya portfelimizi təkrar nəzərdən keçirərək biznesimizin dayanıqlığını təmin etmək, habelə şirkətin əməliyyat modelinin səmərəliliyini artırmaq əzmindəyik”.

SOCAR prezidenti vurğulayıb ki, respublikanın neftə, qaza, emal və kimya məhsullarına olan daxili tələbatını tam təmin etməklə, regional və qlobal enerji təhlükəsizliyində Azərbaycanın payını durmadan artırmaq həmişə olduğu kimi, başlıca strateji hədəflərimizdən biridir: “Bu gün bütün dünyada üstünlük bərpa olunan enerjiyə verilir və bu istiqamətdə gedən transformasiya prosesləri dəstəklənir. Bu kursun perspektivi nəzərə alınaraq, gələcək illərdə aşağı karbon emissiyalı biznesin, sirkulyar iqtisadiyyatın və ekoloji cəhətdən daha təmiz əməliyyatların stimullaşdırılmasını qarşıya vacib məqsədlər kimi qoymuşuq. İnanırıq ki, “SOCAR-ın 2035-ci ilə kimi Korporativ Strategiyası” bizi bu məqsədlərə daha da yaxınlaşdıracaq və nəticə etibarilə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına mühüm töhfə verəcək”.