Azərbaycan İranla daha bir mühüm iqtisadi layihəyə imza atır

336

Ərdəbildə azad ticarət zonasının yaradılması İranla Azərbaycan arasındakı iqtisadi əlaqələrin genişlənməsinə səbəb olacaq və hər iki dövlətin sərhədyanı rayonlarının sosial vəziyyəti daha da yüksələcək. Belə bir açıqlama ilə İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu çıxış edib.

O bildirib ki, azad ticarət zonasının yaradılması layihəsi İran hökuməti və parlamenti tərəfindən qəbul edilib. Layihə Ekspertlər Şurasının iqtisadiyyat və infrastruktur komitəsi tərəfindən təsdiqləndikdən sonra icrasına başlanacaq. Vali diqqətə çatdırıb ki, Ərdəbil vilayətində İranla Azərbaycanın birgə sənaye parkının yaradılması yeni ideyadır və başqa ölkələr arasında olmayıb. Onun sözlərinə görə, Ərdəbillə digər vilayətlərin dəmir yolu ilə birləşməsinə dair də layihə hazırlanıb. Gələcəkdə Ərdəbilin də Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yoluna birləşdirilməsi planı var. Behnamcu bildirib ki, ötən il Biləsuvar gömrüyü vasitəsilə həyata keçirilən ticarət dövriyyəsinin dəyəri 70 faiz artaraq 250 milyon ABŞ dolları təşkil edib. Amma azad ticarət zonasının yaradılması ilə ticarət dövriyyəsinin həcminin bir neçə dəfə artması proqnozlaşdırılır. İqtisadçı ekspert Rəşad Həsənov da bu fonda qeyd edir ki, İran Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir: “Düzdür, bizim İranla idxalımız ixracı üstələyir, amma ümid edirəm ki, azad ticarət zonasının yaradılması ilə Azərbaycan məhsullarının İran bazarına çıxarılması və təklif xərclərinin aşağı salınması qiymət rəqabətliliyini təmin edəcək. Bu da mərhələli şəkildə Azərbaycanın ixrac həcminin artmasını şərtləndirəcək. Yaradılması nəzərdə tutulan azad ticarət zonası iki region arasında ticarət əlaqələrinin genişlənməsini dəstəkləməklə yanaşı, kiçik və orta sahibkarlıq subyektlərinin də fəaliyyəti üçün şərait formalaşdıra bilər”.

Onu da qeyd edək ki, azad iqtisadi zonalar xarici ticarət strategiyasının vacib halqalarından birini təşkil edir. Digər tərəfdən, azad iqtisadi zonalar kapitalın ölkə iqtisadiyyatına cəlb olunması ilə yanaşı, ixrac məhsullarının həm çeşidini, həm də coğrafiyasını genişləndirməyə şərait yaradır. Bu da birbaşa və dolayısı ilə valyuta daxilolmalarının artmasına, müasir texnologiyalara çıxış imkanına pozitiv təsir göstərir ki, son nəticədə iqtisadiyyat dayanıqlı inkişaf edir. Belə iqtisadi zonaların yaradılması ayrı-ayrı ərazi və regionların iqtisadiyyatının inkişafı baxımından təsirli mexanizmdir. Bu fonda Azərbaycanın “Şimal-Cənub”, “Şərq-Qərb” ticarət marşrutlarının mərkəzində yerləşməsi azad ticarət zonasının yaradılmasını iqtisadi baxımdan səmərəli edir. Burada maraqlı bir məqamı da qeyd edək ki, mütəxəssislərin hesablamalarına görə, yaxın gələcəkdə Asiya ilə Avropa arasındakı ticarət dövriyyəsinin həcmi 200 milyard dollar olacaq. Bu əlaqələrin genişlənməsi isə tranzit yolların qısalmasını və yüklərin mənzil başına tez çatdırılmasını tələb edir. Bu günlərdə Süveyş kanalında baş verən hadisə isə onu göstərdi ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Avropa ilə Asiya arasındakı ticarət əlaqələrində olduqca böyük əhəmiyyətə malikdir. Azad iqtisadi zonalar isə belə beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə daha böyük həcmdə yükdaşımaların həyata keçməsinə imkan verir.

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan böyük bazarlara ən yaxın məsafədə yerləşir. Bu da azad ticarət zonasının iqtisadi səmərəliliyini artırmaqla onun Mərkəzi Asiya, Rusiya, Türkiyə, Yaxın Şərq bazarlarına xidmət etməsinə imkan verəcək. Bir sözlə, azad iqtisadi zonaların yaradılması ilə ticarət dövriyyəsi artacaq, investisiya və sərmayələrin yatırılması sürətlənəcək. Bundan başqa, regionlarda məşğulluq güclənəcək, yeni iş yerləri açılacaq, milli iqtisadiyyatın dünya iqtisadiyyatı sisteminə inteqrasiyası sürətlənəcək. Burada bir məsələni də xatırladaq ki, Çin İran iqtisadiyyatına 400 milyard dollar investisiya yatırmaq niyyətindədir. İnvestisiyalar əsasən yeni texnologiyaların və nəqliyyat sektorunun inkişafına yatırılacaq. Çinin İranın nəqliyyat sektoruna, xüsusilə də tranzit nəqliyyat dəhlizlərinə investisiya yatırması heç də təsadüfi xarakter daşımır. Belə ki, Çin Avropa, Orta Asiya və Qafqaz ölkələri ilə iqtisadi-ticarət əlaqələrini genişləndirmək istəyir. Çinin ildən-ilə böyüyən iqtisadiyyatı yeni və ölkə hüdudlarından kənardakı bazarlara çıxışın olmasını tələb edir. Bu səbəbdən də Çinin, ilk növbədə, İranın Çabahar limanına və “Şimal-Cənub” dəhlizinin əsas seqmentini təşkil edən Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin tamamlanmasına sərmayə yatıracağı şübhəsizdir. Məhz Çabahar limanı vasitəsilə Avropa, Orta Asiya və Qafqaz ölkələri ilə nəqliyyat əlaqələri qurub ticarətini genişləndirə bilər. Çinin cənub regionundakı limanlarla İranın Çabahar limanı arasındakı əlaqə yüklərin Avropaya və əks istiqamətə daşınmasında əhəmiyyətli rol oynayacaq. Cənubi Çin limanlarından yüklər Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiyadan tranzit olaraq birbaşa Avropaya daşınacaq. Hazırda bu yolun Qəzvin-Rəşt hissəsi istifadəyə verilib. Yolun Rəşt-Astara hissəsi isə hələlik hazır deyil. Lakin 2 ilə o da hazır olacaq. Bu fonda Ərdəbildə azad ticarət zonasının yaradılması daha mühüm əhəmiyyət kəsb edir və Azərbaycana daha böyük fayda gətirəcək.

Tahir TAĞIYEV