Uyğunluq sertifikatı olmayan mal satan sahibkarların işi çətinləşdi…

340

Eyyub Hüseynov: “Reyestrə daxil olmayanların fəaliyyəti qanunsuz hesab olunur”

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iri ticarət şəbəkələrində, bazarlarda, mağazalarda, marketlərdə, digər satış obyektlərində aparılan müşahidə və təhlillər, həmçinin, istehlakçılardan daxil olan müraciətlər göstərir ki, bəzi hallarda istehlak təyinatlı qeyri-ərzaq mallarının bir hissəsi ölkə ərazisinə onların təhlükəsizliyinə zəmanət verən uyğunluq sertifikatı olmadan idxal olunur.

Qanunvericiliyin tələblərinə əsasən, standartların tələblərinə uyğunluğu təsdiq edən sertifikat olmadıqda texniki tənzimləmənin şamil olunduğu xarici mənşəli istehlak mallarını satmaq və istifadə etmək qadağandır. Belə malların ölkə ərazisinə idxal edilməsi üçün idxalçı tərəfindən malın təhlükəsizliyini təsdiq edən uyğunluq sertifikatı təqdim edilməlidir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, uyğunluq sertifikatı olmayan malların satışını həyata keçirən vəzifəli şəxslərə qarşı 1500 manatdan 2000 manatadək, hüquqi şəxslərə isə 4000 manatdan 6000 manatadək cərimə tətbiq edilir.

Maraqlıdır, uyğunluq sertifikatı olmayan qeyri-ərzaq mallarının idxalı və satışına necə nəzarət olunacaq?

  • “Uyğunluq sertifikatı olmayan məhsulların satışı və idxalına Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, uyğunluq sertifikatı olmayan məhsulların satışı və idxalına Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir: “Qanunvericiliyə əsasən, qida zəncirində iştirak edən hər bir ümumi və fiziki şəxs Qida Təhlükəsizliyi Agentliyində reyestrə daxil olmalıdır. Reyestrə daxil olmadığı halda onlara cərimə tətbiq oluna bilər. Ümumiyyətlə, reyestrə daxil olmayanların fəaliyyəti qanunsuz hesab olunur. Təəssüflər olsun ki, qida zəncirində iştirak edən fiziki və hüquqi şəxslərin böyük əksəriyyəti reyestrə daxil olmayıb. Reyestrə daxil olunarsa, AQTA malların hərəkətini fermadan və ya tarladan istehlakçının masasına qədər izləyə bilər. Hesab edirəm ki, yaxın iki il ərzində bu proses baş verəcək.

Sizin qəzetiniz vasitəsilə qida zəncirində iştirak edən hər bir şəxsə müraciət edərək bildirirəm ki, 1003 “qaynar xətt”inə zəng edərək reyestrə daxil olsun”.

Günel CƏLİLOVA