“Samsung” iki LNG tankerinin tikintisi üçün sifariş alıb

547

Cənubi Koreya gəmiqayırma şirkəti “Samsung Heavy Industries Co.” (“SHI”) iki mayeləşdirilmiş təbii qaz (LNG) tankerinin tikintisi üçün 518,1 milyon dollarlıq müqavilə qazanıb.

“Yohap” xəbər agentliyinin verdiyi məlumata görə, sifariş adı açıqlanmayan ABŞ gəmiçilik şirkətindən verilib.

“SHI” tankerləri 2028-ci ilin fevralına qədər təhvil verməyi planlaşdırır.

Qeyd olunur ki, 2023-cü ildə gəmiqayırma şirkəti ümumilikdə 3,2 milyard dollar dəyərində doqquz gəminin tikintisi üçün müqvilələr bağlayıb ki, bu da cari il üçün nəzərdə tutulan 9,5 milyard dollar məbləğində gəmiqayırma proqramının 34%-ni təşkil edir. İnşa ediləcək doqquz gəmidən altısı qaz daşıyıcısı, ikisi neft tankeri və biri üzən qazın mayeləşdirilməsi və boşaldılması qurğusudur.

Son sifariş daxil olmaqla, “Samsung Heavy Industries”-in ümumi sifariş qovluğu 27 milyard dollardır (147 gəmi). Bunların 70%-i tanker-qaz daşıyıcılarıdır.

1974-cü ildə əsası qoyulmuş “Samsung Heavy Industries” (baş ofisi Seulda yerləşir) dünyanın qabaqcıl gəmiqayırma şirkətlərindən biridir. “Cənubi Koreyanın ən böyük holdinq şirkəti “Samsung Group”-a daxil olan “SHI”  müxtəlif növ gəmilərin, üzən və portal kranların, gəmilər üçün rəqəmsal avadanlıqların istehsalı və sair ilə məşğul olur.

“Seanews.az”