Türkiyə ticarət donanmasının böyüklüyünə görə dünyada 11-ci yerə çıxıb

68

Türkiyənin ticarət donanmasının ümumi dedveyti 52,7 milyon tona çatıb ki, bu da dünya ölkələri reytinqində 11-ci göstəricidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Nəqliyyat naziri qeyd edib ki, Türkiyənin ticarət donanmasının inkişafı üçün stimul dövlətin aktiv sərmayələridir.

“Ticarət donanmasının böyüklüyünə görə ilk10 ölkə sırasına daxil olmaq məqsədinə çatmaq yolunda cəmi bir addımımız qalıb”, – deyən nazir təkcə ötən il türk şirkətlərinə məxsus gəmilərin sayının 25 faiz artdığını qeyd edib.

Onun sözlərinə görə, ticarət donanmasında aktiv artım bu il də müşahidə olunur. “Təkcə 2024-cü ilin birinci yarısında türk şirkətlərinə məxsus gəmilərin sayı 7,9 faiz artıb. Türkiyə bayrağı haqlı olaraq dünya gəmiçiliyində ən prestijli bayraqlar sırasındadır”, – deyə Uraloğlu bildirib.

Nazir qeyd edib ki, bu günə olan məlumata görə Türkiyənin ticarət donanmasında ən böyük gəmi kateqoriyasını quru yükdaşıyanlar (118 ədəd) təşkil edir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara