Azərbaycan və UNECE Orta Dəhliz üzrə elektron qaimə pilot layihəsini həyata keçirir

2

Azərbaycan hökuməti BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) dəstəyi ilə elektron qaimə (eCMR) köməkçi sistemini hazırlayacaq və Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – TBNM) boyu ticarət əməliyyatlarında iştirak edən bütün tərəflərin iştirakı ilə pilot layihələr həyata keçirəcək.

Bu barədə “Report”a UNECE-nin kommunikasiya şöbəsinin rəhbəri və mətbuat katibi Jan Rodriqes məlumat verib.

Onun sözlərinə görə, UNECE 2025-ci ilin fevralında Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə tərəfdaşlıq təşəbbüsü irəli sürüb. Layihə UNECE-nin Beynəlxalq Yük Daşımaları haqqında Konvensiyasının (CMR Konvensiyası), həmçinin onun Protokolunun və eCMR-in tətbiqi üçün UN/CEFACT standartlarının sadələşdirilmiş və davamlı tətbiqi üzrə yol xəritəsinə əsaslanır:

“Bizim səylərimiz TBNM-i beynəlxalq ticarət üçün daha səmərəli, qənaətcil və təhlükəsiz marşruta çevirməyə yönəlib. 2023-cü ilin noyabrında SPECA-nın TBNM-in rəqəmsallaşdırılması üzrə Yol xəritəsinin qəbul edilməsindən sonra əsas diqqət dövlət və özəl sektorların mütəxəssislərinin potensialının inkişafına və təliminə yönəldilib. Xüsusilə, məlumat və sənəd mübadiləsinin rəqəmsallaşdırılması üçün UN/CEFACT standartları və istinad məlumat modelləri üzrə təlimlər keçirilib”.

J.Rodriqes vurğulayıb ki, bu prosesdə “Transxəzər dəhlizində ticarətin asanlaşdırılması və multimodal məlumat və sənəd mübadiləsinin rəqəmsal transformasiyası” adlı beynəlxalq seminar mühüm rol oynayıb və Bakı, Aktau və Türkmənbaşı limanlarında rəqəmsal həllərin təşviqinə kömək edib: “Azərbaycan, Qazaxıstan və Türkmənistanın seminarlarda və pilot layihələrdə fəal iştirakı onların rəqəmsallaşdırma prosesinə sadiqliyini nümayiş etdirir”.

O qeyd edib ki, ticarət, nəqliyyat və digər sahələrdə texniki standartların və hüquqi çərçivələrin harmonizasiyası 75 ildən çoxdur ki, UNECE-nin fəailiyyətinin əsas istiqamətidir:

“Ümumiyyətlə, vahid standartlar sistemlərin bir-biri ilə uyğunluğunu təmin etməyə, inzibati maneələri azaltmağa və transsərhəd əməliyyatları sadələşdirməyə imkan verir. Bu da ticarətin və iqtisadi inteqrasiyanın inkişafına kömək edir”.

Şöbə rəhbəri əlavə edib ki, UNECE 36 üzv dövlətlə, həmçinin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) və Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiya (ESCWA) ilə əməkdaşlıq edərək Avrasiya nəqliyyat əlaqələrini (“Euro-Asian Transport Links”) fəal şəkildə inkişaf etdirir:

“Burada əsas diqqət yükdaşımalarının vaxtını, xərclərini azaltmaq məqsədilə Asiya və Avropanı birləşdirən dəmir yolu və avtomobil marşrutlarının optimallaşdırılmasına yönəlib. Məqsədimiz bu nəqliyyat dəhlizlərini yük qatarları və avtomobil nəqliyyatı üçün daha rahat etmək, logistika xərclərini minimuma endirməkdir”.

Onun sözlərinə görə, UNECE həmçinin regionda rabitəliliyi artırmaq üçün blokçeyn, Əşyaların İnterneti (IoT) və süni intellekt kimi qabaqcıl texnologiyaların inteqrasiyası imkanlarını araşdırır:

“Blokçeyn transaksiyaların dəyişməz uçotunu təmin edərək şəffaflığı və təhlükəsizliyi artıra bilər. Bu, xüsusilə malların mənşəyinin izlənilməsi, ESG standartlarına uyğunluq və dələduzluq səviyyəsinin azaldılması üçün vacibdir. Biz həmçinin ticarət prosedurlarını sadələşdirmək üçün blokçeynin tətbiqini nəzərdən keçiririk”.